Sultan Raev baş katib vəzifəsinin icrasına başladı
Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un rəhbərliyində dəyişiklik baş verib. TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Bursada keçirilmiş iclasında Qırğız Respublikasının namizədi Sultan Raev qurumun yeni baş katibi seçilib.
Aprelin 12-də Ankarada, TÜRKSOY-un qərargahında keçirilən mərasimdə Sultan Rayev baş katib vəzifəsi missiyasını Düsen Kaseinovdan təhvil alıb.
Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, eləcə də digər türkdilli ölkələrin Ankarada fəaliyyət göstərən səfirləri, digər dəvətlilər, üzv ölkələrin TÜRKSOY-dakı təmsilçiləri iştirak ediblər.
Düsen Kaseinov çıxış edərək bildirib ki, TÜRKSOY-da çalışdığı zaman özünü doğma mühitdə hiss edib. Türk xalqlarının ortaq mənəvi dəyərlərini dünyanın dörd bir tərəfinə yaymaqda TÜRKSOY-un önəmli xidmətlərinin olduğunu bildirən D.Kaseinov bu təşkilatda xidmət etməkdən qürur duyduğunu bildirib və TÜRKSOY-un gələcək fəaliyyətlərinə uğurlar arzulayıb.
D.Kaseinov çıxışında 1993-cü ildən fəaliyyət göstərən bu qurumun ilk rəhbəri olmuş və hazırda Azərbaycanın Rusiyada səfiri olaraq çalışan Polad Bülbüloğlunun xidmətlərini də qeyd edib.
Sonra çıxış edən Sultan Raev bildirib ki, TÜRKSOY-un Türk dünyasının gücləndirilməsində önəmli xidmətləri olub: “Haqqımda söylədiyi xoş sözlərə və diləklərinə görə böyük qardaşımız Düsen Kaseinova təşəkkür edirəm. Bu gün TÜRKSOY tarixində mühüm bir gündür. Bir ənənəni layiqincə yerinə yetirərək Türk dünyasının mədəni əməkdaşlığı üçün yeni səhifə açırıq. Belə bir mənalı gündə əcdadlarımızdan bizə miras qalan türk mədəniyyətini, mənəvi dəyərlərimizi qoruyub zənginləşdirməyi özlərinin başlıca vəzifəsi hesab edən sizlərlə bir yerdə olmaqdan çox xoşbəxtəm. Bu günə gəldiyimiz məqamda şanlı tariximiz, zəngin mədəniyyətimiz bizi ayrılmaz bir bütöv edib. Əməkdaşlığımız dünya sivilizasiyasının inkişafına da mühüm töhfələr verib. Ötən dövrdə TÜRKSOY bütün dünyada nüfuz qazanaraq mədəniyyət sahəsində əməkdaşlığımızın əsas markasına çevrilib”.
Təşkilatın gələn il 30 illik yubileyini qeyd edəcəyini vurğulayan baş katib deyib ki, ötən müddətdə türkdilli xalqlar arasında unikal mədəni körpülər qurulub: “Bu körpülərin memarlarından olan, TÜRKSOY-a uzun illər rəhbərlik edən və böyük töhfələr verən hörmətli ağsaqqallarımız Polad Bülbüloğluna və Düsen Kaseinova minnətdarlığımı bildirirəm. Təşkilatımıza son 14 ildə rəhbərlik edən Düsen Kaseinovun adı ilə TÜRKSOY-un inkişaf dövrü dərindən bağlıdır və o, ümumtürk mədəniyyətinə böyük töhfələr verib. Düsen bəyin adı TÜRKSOY tarixinə qızıl hərflərlə yazılıb və inanıram ki, o, bundan sonra da Türk dünyasına xidmət etməyə davam edəcək”.
Sultan Raev çıxışının sonunda mərasim iştirakçılarına xitabən deyib: “Hörmətli iştirakçılar, bu çətin işdə dəstəyiniz mənim ən böyük köməyim olacaq. Birliyimizdə, ortaq mədəniyyətimizdə daha güclü Türk dünyası yaradacağıq. Biz hər zaman keçmişimizlə fəxr etmişik və fəxr edə biləcəyimiz gələcəyi əl-ələ verib birlikdə quracağıq...”.
TDT-nin Baş katibi Bağdad Amreyev çıxışında deyib ki, Türk dünyasında əməkdaşlığın əsas qayəsi mədəniyyət istiqamətindəki xidmətlərdir: “Türk birliyimizin xidmətində ilk mədəni əlaqələr TÜRKSOY vasitəsilə icra olunub”. B.Amrayev yeni baş katibə uğurlar diləyib və Türk Dövlətləri Təşkilatı olaraq bu quruma hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Türk dünyasının böyük ziyalısı İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” kəlamını xatırladaraq bildirib ki, TÜRKSOY da bu prinsiplərə uyğun fəaliyyət göstərir.
Nazir Mehmet Nuri Ersoy çıxışında Düsen Kaseinovun 2008-ci ildən TÜRKSOY-a rəhbərlik etdiyini xatırladaraq onun bu illər ərzində olduqca önəmli işlərə imza atdığını xüsusi qeyd edib: “Bu xidmətlərə görə Düsen Kaseinova borcluyuq. Ümid edirik ki, yeni rəhbərlik həmrəyliyimizi və birliyimiz daha da gücləndirəcək...”.
Çıxışlardan sonra Düsen Kaseinov TÜRKSOY Baş Katibliyinin təhvil-təslim simvolunu Sultan Raevə təqdim edib. Yeni və sabiq baş katiblər bir-birilərinə milli geyimlərini hədiyyə ediblər.
Beləliklə, Sultan Raev TÜRKSOY-un Baş katib vəzifəsinin icrasına rəsmən başlayıb.
Xatırladaq ki, Qırğızıstanın Xalq yazıçısı, tanınmış publisist Sultan Raev 2013-2014-cü illərdə ölkəsinin mədəniyyət, informasiya və turizm naziri olub, 2020-ci ildən Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini vəzifəsində çalışıb.
Mehparə Sultanova
Ankara