“Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir”
Azad edilmiş torpaqları yüz faiz öz gücümüzə bərpa edirik. Xarici şirkətləri dəvət etmişik. Onlar orada podratçı kimi işləyir. Amma bu günə qədər heç kimdən bir manat almamışıq. Bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı müharibələrdən, belə dağıntılardan sonra donor konfransları, beynəlxalq təşkilatlar yığışır və bərpa planı icra edilir.
Prezident İlham Əliyev bu sözləri aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı deyib.
Dövlət başçısı xatırladıb ki, İkinci Dünya müharibəsindən sonra ABŞ tərəfindən Avropa ölkələrinin bərpası üçün böyük maliyyə yardımını nəzərdə tutan “Marşal planı” həyata keçirildi: “Əgər Amerika Avropanı bərpa etmək üçün bu planı tətbiq etməsəydi, Avropa öz gücünə öz potensialını bəlkə də 50 ilə bərpa edə bilərdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımı göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti işğalı işğal kimi adlandırmaq istəmirdilər. Mənim yadımdadır, işğal dövründə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni zamanda, ikitərəfli formatda apardığımız danışıqlar əsnasında biz güc-bəla ilə, zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün kimi aydın idi, kim işğalçıdır, kim işğala məruz qalan ölkədir. İkili standartlar, ədalətsizlik, bax, budur. Biz bunu bu gün də görürük...”.
Prezident vurğulayıb ki, biz öz gücümüzlə yeni reallıq yaratmışıq və yaradırıq: “Ona görə bir daha demək istəyirəm ki, mən hələ də ümid edirəm, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları bir nəzər yetirəcəklər. Ağdam Qafqazın Xirosimasıdır. Bunu mən yox, beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər tərəfindən yerlə yeksan edilib. Biz heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz. Mən hesab edirəm ki, bizim qurumlarımız, hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə öz xətti ilə bu məsələ ilə bağlı gərək ciddi fəaliyyət göstərsin. Yardım göstərmək istəmirlərsə, desinlər ki, biz sizə yardım etməyəcəyik. Biz də işimizi bilək. Yəni, müharibədən təxminən bir il yarım keçibdir. Bir fond belə bizə heç bir yardım göstərməyib. Minaların təmizlənməsi ilə bağlı – müharibədən sonra 200-dən çox insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar? Gəlsinlər, kömək göstərsinlər. Bizim fiziki cəhətdən gücümüz çatmır. Biz nə lazımdırsa, almışıq. Maşın, mexanizm almışıq, texnika almışıq, hətta dronlar almışıq ki, o minalarla çirklənmiş yerləri təsbit edir. Ancaq bizdə mütəxəssis çatışmır, bizdə işçi qüvvə çatışmır. Ona görə, heç olmasa, bu sahədə bizə kömək göstərsinlər. Yenə də deyirəm, biz onsuz da öz gücümüzlə hər şeyi bərpa edəcəyik. Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar...”.
Prezident qeyd edib ki, 2022-ci ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər qarşıya qoyulan vəzifələrin həlli üçün mühüm zəmin yaradır.
Müşavirədə Baş nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev görülən işlər, maliyyə vəziyyəti, sosial-iqtisadi sahədə nəticələr barədə məlumat veriblər.
Müşavirəyə yekun vuran dövlət başçısı əsas diqqəti işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görüləcək işlərə və planlara ayırıb: “Birincisi, şəhərlərin Baş planları ilə bağlıdır. Bizim hazırda Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Artıq mən işlərin gedişatı ilə tanış olmuşam. Digər şəhərlərin Baş planlarının təsdiqlənməsi bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin Baş planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir. Çünki burada da qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olundu. Əlbəttə ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə məşğul olacağıq. Mən, ilk növbədə, yaşayış binalarının inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait nəzərdə tutulub və bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz vətəndaşları o bölgələrə yerləşdirə bilmərik. Ancaq tam əmin olandan sonra ki, o ərazilər minalardan təmizlənib, biz vətəndaşları o ərazilərə yerləşdirə bilərik”.
Prezident diqqətə çatdırıb ki, minatəmizləmə ilə bağlı yeni texnikanın alınması təmin edilir. Burada beynəlxalq mütəxəssislərin dəstəyinə böyük ehtiyac var. Hazırda üç qurum – ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldur. “Bir müddət bundan əvvəl yerli şirkətlərin buraya cəlb olunması məsələsi müzakirə edilmişdir və bildiyimə görə, yerli şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm sahibkarlığın inkişafına təkan verəcək, – əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə prosesi uzunmüddətli olacaq, – eyni zamanda, yerli şirkətlər burada təcrübə toplayıb öz xidmətlərini təqdim edə bilərlər. Xarici şirkətlərə gəldikdə, onların təklifi, əlbəttə ki, bu günə qədər qiymət baxımından bizim üçün o qədər də məqbul olmayıb. Çünki yerli şirkətlərin verdikləri qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər arasında dəfələrlə fərq var. Ona görə mən hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər, yerli şirkətlər nə qədər çox yaransa, o qədər yaxşıdır. Bir də ki, dövlət xətti ilə ən müasir maşın və mexanizmlərin alınması da təmin edilməlidir”, – deyə İlham Əliyev bildirib.
Prezident azad edilmiş ərazilərdə infrastruktur layihələri – elektrik təchizatı, dəmiryolu və avtomobil yolu xətlərinin çəkilməsi, hava limanlarının inşası ilə bağlı görülən və nəzərdə tutulan işlərdən də bəhs edib. Bildirib ki, artıq bütün bölgələri birləşdirən elektrik xətləri var. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmiryolunun 60 kilometri artıq hazırdır. Dörd və altızolaqlı avtomobil yolu da çəkilir. Keçən il Azərbaycan-Ermənistan sərhədinə qədər yerlər də əhatə olunmaqla ümumilikdə 700 kilometrə yaxın yollar çəkilib. Bərdə-Ağdam dəmiryolunun inşası davam edir və gələn il istifadəyə veriləcək. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də bu ilə nəzərdə tutulur. Bu, Füzuli aeroportundan sonra azad edilmiş ərazilərdə ikinci beynəlxalq hava limanı olacaq. Azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur.
Prezident azad edilmiş ərazilərdə tarixi-mədəni irsin bərpası məsələsi üzərində də xüsusi dayanıb. Bildirib ki, bu istiqamətdə Şuşada həyata keçirilən işlər xüsusi əhəmiyyət kəsb edir: “Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə ki, çox önəmlidir və hesab edirəm ki, prioritet olmalıdır. Azərbaycan xalqı da bu yanaşmanı təqdir edir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib və bu il görüləcək işlərlə bağlı tapşırıqlar vermək istəyirəm. Tarixi abidələr bərpa edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Artıq yer müəyyən olundu, biz onun təməlini qoyduq.
İndi digər tarixi abidələrin bərpası gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansamblına xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir. Şuşada yeni teleqüllənin təməli qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə təqdim ediləcək. Təqdim edilən kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN Xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.
Onu da bildirməliyəm ki, Şuşada yaşayış məhəlləsinin təməli qoyuldu, evlərin inşasına start verildi. Yeni beşulduzlu hotelin inşası üçün yer seçildi. O, həmin yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament inşa etmək istəyirdi və digər şeytan yuvası orada yerləşmişdi. Müharibə zamanı o da yox oldu. İndi orada beşulduzlu hotelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun gözəl bir bina olacaq. Şəhər meriyası binası əsaslı şəkildə təmir edilir və onun yanında yeni konfrans zalı inşa olunur. Çünki indi Şuşada böyük tədbir keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına bitişik olacaq və orada yaxın gələcəkdə ən mötəbər tədbirlər keçiriləcək”.
May ayında Şuşada növbəti “Xarıbülbül” festivalının keçiriləcəyini deyən İlham Əliyev bildirib ki, budəfəki festivala dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət edilib: “Vaxtından qabaq anons vermək istəmirəm, amma hesab edirəm ki, çox maraqlı festival olacaqdır...”.
Azad edilmiş ərazilərə sakinlərin köçürülməsinə gəlincə, dövlət başçısı qeyd edib ki, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq bu il yerləşəcəklər. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik. Bu il üç məktəbin inşası (Ağdamda, Cəbrayıl şəhərində və Şuşada) başa çatmalıdır. Hər üç məktəb 960 yerlikdir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
“Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz planlı şəkildə bu işləri görəcəyik. Əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq”, – deyə İlham Əliyev vurğulayıb.