Xəbər verdiyimiz kimi, Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçirilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, iki ölkənin Mədəniyyət nazirliklərinin dəstəyi ilə gerçəkləşən tədbirlər Özbəkistan paytaxtında, eləcə də Termiz şəhərində gerçəkləşib.

Mədəniyyət günləri çərçivəsində Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetində (ÖDƏU) “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın təqdimatı olub. Professor Şuxrat Siracəddinov və dosent Gülbahar Aşurovanın həmmüəllif olduqları kitab AMM-in dəstəyi ilə çap edilib.

Təqdimat mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Bakıdan gələn digər qonaqlar, ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Universitetin kafedra müdiri, professor Nurbay Jabbarov tədbiri açaraq monoqrafiya haqqında məlumat verib.

Universitetin prorektoru, professor Baxadur Abduşukurov çıxışında diqqətə çatdırıb ki, 2021-ci ildə böyük şair Nizami Gəncəvinin 880 illiyi Azərbaycanda və dünyada qeyd olunub və belə tədbirlər davam edir. Ötən il həmçinin böyük özbək şairi Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Özbəkistanda, Azərbaycanda və dünya ölkələrində müxtəlif tədbirlər olub.

AMM-in direktoru Samir Abbasov monoqrafiyanın elmi əhəmiyyəti haqqında söhbət açıb, mərkəzin elan etdiyi müsabiqə çərçivəsində hazırlanmış monoqrafiyanın müəlliflərinə təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva iki ölkənin şair və yazıçılarının dostluğundan bəhs edib. Vurğulayıb ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına töhfə verib.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində humanizm ideyalarının ön plana çəkilməsi, monoqrafiyanın əhəmiyyəti haqqında danışıb. A.Marifli Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şuxrat Siracəddinovun və dosent Gülbahar Aşurovanın Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görüldüyünü diqqətə çatdırıb və nişanı onlara təqdim edib.

Tədbirin bədii hissəsində Xalq artisti Gülyanaq Məmmədova və saz ifaçısı İlham Abdullayev çıxış ediblər.