Aprelin 16-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsəri, Şərqin ilk operettası – "Ər və arvad” musiqili komediyası oynanılacaq.

Səhnə əsərinin budəfəki nümayişi Akademik Musiqili Teatrın aktyoru, Əməkdar artist Ələkbər Əliyevin 65 illik yubileyi münasibətilə təqdim olunacaq. Tamaşadan öncə teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edəcək, aktyorun yaradıcılığından söz açacaq.

Ələkbər Əliyev tamaşada Mərcan bəy obrazını canlandıracaq. Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Fərid Rzayev, Nigar Qarayeva və başqaları yubilyarla səhnəni bölüşəcəklər.

Ələkbər Həsən oğlu Əliyev 15 aprel 1957-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Musiqili komediya aktyoru fakültəsini bitirib, həmin il təyinatla Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) fəaliyyətə başlayıb.

Diqqətçəkən səs tembri, səhnə mədəniyyəti ilə tamaşaçıların rəğbətini qazanan aktyor teatrın səhnəsində bir sıra maraqlı obrazlar silsiləsi yaradıb.

Ələkbər Əliyev bir neçə dəfə Prezident mükafatına, 2013-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.