2022-ci ildə XVIII əsr Azərbaycan şairi, siyasi və ictimai xadimi Molla Pənah Vaqifin (1717-1797) 305 illik yubileyi tamam olur. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub. Qarabağ xanlığının baş vəziri olmuş Molla Pənah Vaqif Azərbaycan tarixində həmçinin taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirən dövlət xadimi kimi də qalıb.

Molla Pənah Vaqif Şərq poeziyasının bir sıra klassik formalarından istifadə etsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının çox parlaq nümunələrini yaradıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaradıb.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Pənah Vaqif” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə şairin xatirəsinin əbədiləşdirilməsi, yubileyləri ilə bağlı rəsmi sənədlər, foto-illüstrativ materiallar, poeziya ustadının əsərlərindən ibarət kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Molla_Penah_Vaqif/index.htm