Aprelin 15-də Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovla “Media sahəsində islahatların hüquqi əsasları” mövzusunda görüş keçirilib.

Görüşdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Əhməd İsmayılov media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb. “Media haqqında” qanunun əsas müddəaları şərh edilib, jurnalistlər üçün əhəmiyyəti vurğulanıb. Medianın bugünkü problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb.