Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən biri də qardaş ölkələrin təsviri sənət ustalarının görüşünün təşkilidir. Son illər bu layihə bir qayda olaraq “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunan şəhərlərdə gerçəkləşir.

“Türk dünyası rəssamlar görüşü”nün növbəti ünvanı Bursa olub. Rəssamların görüşü “Bursanın fəthi və tarixi irsi” mövzusuna həsr edilib.

TÜRKSOY-un təşkilatçılığı və Bursa Osmanqazi Bələdiyyəsinin ev sahibliyi ilə Türk dünyasının müxtəlif ölkələrindən rəssamlar öz sənətlərini nümayiş etdirmək imkanı əldə ediblər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gələn təsviri sənət ustalarının çəkdikləri əsərlər aprelin 14-də “Panorama 1326 Bursa Fəth Muzeyi”ndə açılan sərgidə sənətsevərlərə təqdim olunub.

Sərginin açılışında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev bu vəzifəni təhvil aldıqdan sonra ilk tədbiri 2022-ci ilin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Bursanın ən gözəl rayonlarından biri olan Osmanqazidə keçirməkdən məmnunluğunu dilə gətirib: “Osmanqazinin dəyərli tarixi əsərləri, təbii gözəllikləri və qonaqpərvərliyi ilə Türk dünyası rəssamlarına qucaq açması təqdirəlayiqdir. TÜRKSOY ənənəvi olaraq sənət adamlarını Türk dünyasının şəhərlərində bir araya gətirir, onların görüşüb bir-biri ilə peşə təcrübələrini bölüşməsi üçün şərait yaradır. Beləliklə, xalqlarımız arasında mədəni əlaqələrin möhkəmlənməsinə daha bir zəmin yaranır...”.

Osmanqazi Bələdiyyəsinin başqanı Mustafa Dündar çıxışında bu il 17-cisi keçirilən “Osman Qazini anma və Bursanın fəthi” şənlikləri çərçivəsində ən mühüm tədbirlərdən birinin “Türk dünyası rəssamlar görüşü” olduğunu vurğulayıb: “Türk dünyası rəssamları çox qısa müddətdə yaratdıqları əsərlərlə Bursanı öz sənət müşahidələri ilə kətan üzərində əks etdiriblər...”.

Çıxışlardan və sərginin açılışından sonra Sultan Raev Osmanqazi Bələdiyyəsinin başqanına TÜRKSOY-un “Çingiz Aytmatov” xatirə medalı, qazax rəssamı Yermuxan Junisxana “Abay” medalı və sənət görüşünə qatılan rəssamlara TÜRKSOY-un sertifikatlarını təqdim edilib. Qeyd edək ki, Türk dünyası rəssamlarının “Bursanın fəthi və tarixi irsi” mövzulu sərgisində Azərbaycanı Cəlal Ağayev təmsil edib.

Mehparə Sultanova
Ankara