18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan əlamətdar gün Azərbaycanda da geniş şəkildə qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə aprelin 18-də Mədəniyyət Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Təmiz heykəl” adlı layihə həyata keçiriləcək.

Layihənin başlıca məqsədi abidələrə xüsusi diqqətin göstərilməsi və onların baxımlı saxlanılmasıdır. Layihə çərçivəsində paytaxtdakı heykəl, büst və barelyeflərin estetik görünüşünə mütəmadi nəzarət edilməsi, təbiət hadisəsi və insan faktorunun təsiri ilə çirklənmiş abidələrin yuyulması, xüsusi məhlullarla təmizlənməsi və s. işlərin görülməsi nəzərdə tutulub.

“Təmiz heykəl” aksiyasında Xurşidbanu Natəvan (Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Əzizə Əliyeva küçəsinin kəsişməsi, "Azərbaycan" kinoteatrının qarşısı), Mirzə Ələkbər Sabir (İstiqlaliyyət küçəsi, Sabir bağı), Mirzə Fətəli Axundzadə (Axundov bağı), Mikayıl Müşfiq (İnşaatçılar prospekti), Mehdi Hüseynzadə (Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsi), Nəsimi (Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsi), Fikrət Əmirov (Üzeyir Hacıbəyov küçəsi), Bülbül (Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsi), Niyazi (Niyazi küçəsi), Hacı Zeynalabdin Tağıyev (Səbail rayonu, İçərişəhər metrosu), Yusuf Məmmədəliyev (İstiqlaliyyət küçəsi) və Səməd Vurğunun (Puşkin küçəsi) heykəl və büstlərinin, “Kitabi-Dədə Qorqud” (Nərimanov rayonu, Dədə Qorqud parkı) və "İstiqlal” (İstiqlaliyyət küçəsi) abidələrinin, həmçinin Aleksandr Puşkin (Puşkin küçəsi) və Volfqanq Amadey Motsartın (İnşaatçılar prospekti, Motsart bağı) heykəllərinin təmizlənməsi nəzərdə tutulub.

Layihəyə 18 aprel tarixində saat 12:00-da Xurşidbanu Natəvanın heykəlinin təmizlənməsi ilə start veriləcək.