Bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirovun 100 illiyi silsilə tədbirlərlə qeyd olunur. Bu il, eyni zamanda paytaxtda bəstəkarın adını daşıyan İncəsənət məktəbinin 60 yaşı tamam olur. AZƏRTAC-ın müxbiri Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru, bəstəkar, Əməkdar müəllim, professor Adilə Yusifova ilə məktəbin tarixi, uğurları və gələcək planları barədə söhbət edib.


– Adilə xanım, bu il sizin rəhbərlik etdiyiniz məktəbin yaranmasının 60 ili tamam olur. Təhsil ocağının keçdiyi tarixi yola nəzər salardınız.

– Görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik incəsənət məktəbinin əsası 1962-ci ildə qoyulub. Yarandığı gündən böyük inkişaf yolu keçən məktəbə müxtəlif illərdə təcrübəli pedaqoqlar Yusif Məmmədov, Nadir Hüseynov, Tofiq Məmmədov, Mürsəl Həsənov və Nəriman Əliyev rəhbərlik edib. Onların böyük əməyi nəticəsində məktəbdə tədrisin səviyyəsi yüksəlib, tədris planına yeni alətlər salınıb (balaban, fleyta, zərb alətləri, qanun, gitara, qoboy, valtorn). 1999-cu ildən isə məktəbdə rəssamlıq və xoreoqrafiya şöbələrinin tədrisi təmin olunub. Beləliklə, məktəbin həm müəllim kollektivi, həm də şagird kontingenti nəzərəçarpacaq dərəcədə artaraq yeni keyfiyyətlər qazanıb. Bu ənənələr bu gün də uğurla davam etdirilir.

Gənc nəslin təlim-tərbiyəsi, daima inkişafı ilə ciddi məşğul olan – Gülnarə Süleymanova, Kəmalə Novruzbəyova, Qafil Həsənov, Arzu Əzizova, Elşən Cəfərov, Zülfiyyə İbrahimova, Elmar Ağamirzə, Kəmalə İsgəndərova və digər müəllimlərimizin böyük və gərgin zəhmət sayəsində yetişdirdikləri şagirdlər mütəmadi olaraq respublika və beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək yüksək nailiyyətlər əldə edirlər. Mən 2016-cı ildən direktor vəzifəsinə təyin edilmişəm. Həmin ildən məktəbin fəaliyyət istiqamətində yeni mərhələlər müəyyənləşdirdik.

“Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagird və müəllimlərin elmi ifaçılıq konfransı, ustad dərslərinin keçirilməsi, musiqi tədrisində innovasiyalar: elektron lövhə, solfecio və musiqi ədəbiyyatı fənnindən olimpiadalar, yeni dərsliklər və dərs vəsaitləri, yeni kursların açılışı (şəbəkə, xalça toxuculuğu, foto-studiya), ölkə miqyasında musiqi və incəsənət məktəbləri ilə qarşılıqlı əməkdaşlıqların yaradılması və məktəbin xoreoqrafiya, rəssamlıq və musiqi şöbələrinin birgə iştirakı ilə “Gənc musiqi teatrı”nın yaradılması - bütün bunlar məktəbin tədrisində uğurla həyata keçirilməkdədir. YARAT Müasir İncəsənət Mərkəzində müəllim və şagirdlərimizdən ibarət “Nağıl dolu dünya” adlanan konsert-tamaşasının təqdim olunması da dediklərimin bariz nümunəsidir. Bu məktəb incəsənətin musiqi, rəssamlıq, xoreoqrafiya sahələrini özündə birləşdirən, uşaqların hərtərəfli inkişafına şərait yaradan təhsil ocağıdır. Nəsildən-nəslə dəyişən böyük bir kollektivin, F.Əmirov ənənələrinin davamçılarının həyatıdır. Bu həyat müxtəlif hadisə və tədbirlər, xoş və çətin anlar, nailiyyətlər, müvəffəqiyyətlərlə müşayiət olunub. Yarandığı gündən məktəbin həyatında baş verən bütün əlamətdar hadisələr dövrü mətbuatda çap olunub və müxtəlif saytlarda yerləşdirilib.

Məktəbdə görkəmli incəsənət xadimləri dərs demiş və bu ənənə hazırda da davam edir. Onlardan Xalq artistləri Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Ağaxan Abdullayev, Ramiz Quliyev, Əməkdar artistlər Kamil Dadaşov, Zemfira Həsənova, Vaqif Məstənov, professorlar Fəttah Xalıqzadə, Kəmalə Neymanova və başqalarının adını çəkmək olar. Xalq artistləri Sərdar Fərəcov, Səməd Şükürov, Möhlət Müslümov kimi incəsənət xadimləri isə bu təhsil ocağında oxumuş və dərs demişlər.


– Bu il həm də görkəmli bəstəkarımız Fikrət Əmirovun anadan olmasının 100 illiyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunacaq. Böyük bəstəkarın adını daşıyan bu məktəb yubileyə necə hazırlaşır?

– Bəli, bu il həm də bəstəkarın 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileyin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib. Qürurverici, fəxr ediləcək bir hadisədir.

Əlbəttə, kollektivimizin də yubileyə öz töhfəsi olacaq. Məktəbin bəstəkarın adını daşıması məsuliyyəti daha da artırır. O cümlədən, məktəbimizdə də bu münasibətlə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Əslində biz yubileyə elə 2021-ci ilin noyabr ayında keçirilən “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagird və müəllimlərin elmi-ifaçılıq konfransı ilə start vermişik. Konfrans “Yubiley ərəfəsində” adlandırılıb, bəstəkarın yaradıcılığı müxtəlif aspektdə şagird və müəllimlər tərəfindən təhlil edilib. Nəzərinizə çatdırım ki, 2016-cı ildən başlayaraq, hər il ənənə halını alan bu konfrans ilk olaraq məktəb daxilində keçirilir. Sonrakı illərdə isə Bakının aparıcı musiqi məktəblərinin şagird və müəllimləri də konfransda iştirak etdilər.

Bu il möhtəşəm, maraqlı konsertlərin keçirilməsi və konfransın təşkilini nəzərdə tutmuşuq. Belə ki, aprelin 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun 100, bəstəkarın adını daşıyan məktəbin 60 illiyinə həsr olunmuş konsertimiz olacaq. Konsertdə beynəlxalq müsabiqələr laureatı olan şagirdlərimizin Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə ifası nəzərdə tutulub. Həmçinin, konsertdə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Xırdalan şəhər onbirillik musiqi məktəbinin şagirdləri də bizim gənc istedadlarla birgə eyni səhnəni bölüşəcəklər. Məktəbin rəssamlıq və heykəltəraşlıq ixtisası üzrə təhsil alan şagirdlərinin əl işləri də Filarmoniyanın foyesində sərgilənəcək. Eləcə də rəssamlıq, xoreoqrafiya və xalq çalğı alətləri şöbəsinin şagirdlərindən təşkil olunmuş “Xarıbülbül” kompozisiyası təqdim ediləcək. Bundan başqa, qarşıda Azərbaycan Milli Konservatoriyasında da şagirdlərimizin ifasında konsert proqramının təqdimi nəzərdə tutulur.

Həmçinin bu il Fikrət Əmirova həsr olunmuş “Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi” adlı kitabın nəşri və təqdimatı keçiriləcək. Kitabda məktəbin təşəkkül və inkişaf yolu işıqlandırılır və 1962‐ci ildən bu günə qədər olan materiallar xronoloji prinsip əsasında yerləşdirilib.

Oktyabrın 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqinin ecazkar çalarları” adlı konsert-sərgi, oktyabrın 28-də “Məktəbin 60 illik fəaliyyəti və xatirələr - Fikrət Əmirov – 100” mövzusunu əhatə edən məktəbin nəzəriyyə şöbəsinin məruzələrinə əsaslanan dəyirmi masa, noyabrın 4-də isə məktəbin zalında müəllimlərin ifasında F.Əmirova həsr olunan konsertin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, noyabrın 21-də Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “F.Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı şagird və müəllimlərin VII elmi-ifaçılıq konfransı keçiriləcək. Gördüyünüz kimi yubiley ərəfəsində məktəbimizin tədbirlər planı olduqca zəngin və rəngarəngdir.

Bunu da qeyd etməliyəm ki, məktəbimizdə F.Əmirovun yaradıcılığına həsr olunmuş muzey-guşə xarakterli sinif otağı təsis edilib və orada olan eksponatlar nəinki musiqi ədəbiyyatı fənninin tədrisi prosesində, eləcə də digər fənlərin tədrisində əyani vasitə kimi böyük əhəmiyyətə malikdir və maarifləndirici xarakter daşıyır.

F.Əmirov musiqisi məktəbimizdə hər zaman səslənir. Hələ məktəbə yeni qədəm qoyan körpə balalarımız elə qəbul imtahanındaca bəstəkarın – “Qatar”, “Tənbəl”, “Quşlar”, “Quzum” “Bip-bipin nəğməsi”, “Bahar gəlir” kimi uşaq mahnılarını oxuyaraq F.Əmirov musiqisi ilə tanış olurlar. Yuxarı siniflərdə isə təbii ki, bəstəkarın instrumental və vokal əsərlərini, o cümlədən “12 miniatür”, “Uşaq albomu”ndan nömrələr ifa edirlər.


– Ötən dövr ərzində Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi hansı uğurlara imza atıb, hansı beynəlxalq yarış və müsabiqələrdə uğur qazanıb?

– Məktəb yarandığı gündən indiyədək Azərbaycan incəsənətinə bir çox tanınmış simalar bəxş edib. Azərbaycan Respublikasının Xalq artistləri Möhlət Müslümov, Sərdar Fərəcov, Şükür Səmədov və başqalarını qeyd etmək olar. Hansı ki, bir müddət bu doğma məktəblərində müəllim kimi işləmişdilər. Müxtəlif illərdə məktəbin uğurları respublikanın sərhədlərini aşmışdır. “Ay işığı” skripkaçılar ansamblı, “Odlar yurdu” rəqs qrupu dəfələrlə Türkiyə, Rusiya, Türkmənistan və başqa ölkələrdə qastrol səfərlərində olublar. Məktəbin şagirdləri həm respublika daxilində, həm də bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə həvəslə iştirak edirlər. Son zamanlar müsabiqələrin onlayn keçirilməsi şagirdlərin qarşısında duran bəzi maneələri aradan qaldırdı. Onların istedadlarını göstərməkləri üçün bu çox yaxşı imkandır.

Şagirdlərimiz ABŞ, Türkiyə, İtaliya, Polşa, Rusiya, Gürcüstan, Qazaxıstan, Tatarıstan, Belarus, Malayziya və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edərək Qran-pri, I, II, III dərəcəli laureat adına layiq görülüblər. Onların arasında T.Cəfərzadə (fortepiano), E.Yusifov (klarnet), Ə.Manaflı (ksilafon), S.Quliyev (qarmon), Ə.Əlizadə (rəssam), Ə.Məhərrəmova (rəssam) və başqa istedadlı şagirdlərimizin adlarını qeyd edə bilərik.


– Şagirdləriniz daha çox hansı ali məktəblərə üz tutur?

– Bir çox məzunlarımız incəsənət sahəsi üzrə təhsillərini ali məktəblərdə davam etdirirlər və onların uğurlarının davamlı olması bizi sevindirir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan məzunlarımız çoxdur.


– Məktəbin beynəlxalq əlaqələri hansı səviyyədədir?

– Yarım əsrdən çox olan müddət ərzində məktəb ölkə daxilində və xaricində bir çox incəsənət ocaqları ilə daim əməkdaşlıq edir. Belə ki, Gürcüstanın M.M.İppolitova-İvanova adına 6 nömrəli musiqi məktəbi, Türkiyənin Afyon Kocatepe Universiteti, Özbəkistanın V.Uspenski adına Respublika ixtisaslaşdırılmış musiqi Akademik Liseyi, Rusiyanın Moskva şəhəri 10 nömrəli musiqi məktəbi ilə sıx beynəlxalq əlaqələrə malikdir. Eyni zamanda, məktəbimiz ölkəmizin nüfuzlu mədəniyyət ocaqları ilə də sıx əməkdaşlıq edir. Bu sırada Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyinin adını çəkə bilərik.


– Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinə şagird qəbulu necə aparılır?

– Hər il xoreoqrafiya ixtisası üzrə iyun ayında, musiqi alətləri, xanəndəlik, vokal, rəssamlıq sinifləri üzrə isə payızda aparılan şagird qəbulu şəffaf şəkildə, daxili müsabiqə imtahan yolu ilə keçirilir. Şagird qəbulu birbaşa musiqi.edu.az saytında qeydiyyatdan keçirilərək aparılır.


– Məktəbiniz “Şuşa İli”nə hansı töhfələri verməyi düşünür?

– Bu il xalqımızın müqəddəs və əziz məkanı olan Şuşanın qurulmasının 270 illiyi tamam olur. Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Ölkə başçısının 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən bu il ölkəmizdə “Şuşa İli” elan edilib. Bu münasibətlə müxtəlif tədbirlər planı həyata keçirilir. Çox qürurvericidir ki, Şuşa şəhəri 2023-cü ildə “Türk dünyasının Mədəniyyət Paytaxtı” elan edilib.

Yeri gəlmişkən deməliyəm ki, ümumən məktəbimizdə keçirilən hər bir tədbirdə vətənpərvərlik hissi mütəmadi olaraq aşılanır. 44 günlük müharibə dövründə də məktəbin pedaqoji kollektivi və şagirdləri tərəfindən əsgərlərimizə məktublar ünvanlanmış, YAŞAT Fonduna ianə edilmiş, qələbənin bir illiyi münasibətilə 2021-ci ilin sentyabr-noyabr aylarında tədbir və konsert keçirilmişdir. Hansi ki, bu tədbirlərə şəhid ailəsi, müharibə iştirakçıları, qaziləri dəvət edilmişdir.

Çox qürurluyam ki, Şuşaya səfər etdim. Bu füsunkar təbiətli, qədim diyarda olmaq mənim üçün qürurverici, sevindirici, şərəfli idi. Şuşada olan rəsm qalereyasına məktəbin III sinif şagirdi Ziyad Qasımlının (müəllim E.Ağamirzə) “Şuşa qalası” adlı rəsm əsərini bağışladım.

“Şuşa İli”ndə məktəbimizdə bir çox tədbirlər nəzərdə tutulub. Onların sırasında nəzəriyyə şöbəsində keçiriləcək dəyirmi masanı, rəssamların “Şuşanın abidələri” adlı rəsm sərgisini və s. qeyd edə bilərəm.

Abdulla Suvar