Həkim-rəssamın sərgisi

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində aprelin 8-də həkim-rəssam Rauf Canıbəyovun “Köhnə Bakı – fırça yaddaşında” adlı sərgisinin açılışı keçirildi.

Sərgilərin açılışı əsasən rəsmi hissələrlə başlayar. Bu sərgidə də rəsmi hissə vardı. Amma bütün çıxışlar rəsmiyyətdən kənar, səmimi, sevgi dolu idi.

Tədbiri giriş sözü ilə muzeyin Təsviri materiallar fondunun müdiri Nardanə Yusifova açaraq belə bir sərgini ilk dəfə təşkil etdiklərini diqqətə çatdırdı.  Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında dedi ki, bir neçə sənət sahəsi ilə məşğul olan Rauf Canıbəyov əsasən yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işləyir. Onun əsərlərinin əsas cəhəti isə səmimilik və sevgidir.

Xalq rəssamı Arif Hüseynov sərgini köhnə Bakıya səyahət adlandırdı. Fırça ustası rəsmlərdəki bir sıra küçənin və insanların səmimiyyətinin, təəssüf ki, tarixə qovuşduğunu qeyd etdi.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev paytaxtın keçmişinin gələcək nəslə ötürülməsi baxımından sərginin və əsərlərin əhəmiyyətindən söz açdı.

Qeyd edildi ki, rəssam əsərlərinin əksəriyyətini köhnə Bakıya, onun sakit küçələrinə, məhəllələrinə, milli memarlığına, mehriban və ünsiyyətli sakinlərinin məişətinə həsr edib. Rəssamın köhnə Bakı mövzusuna müraciət etməsinin əsas məqsədlərindən biri də paytaxtımızın qədim tarixə malik şəhər kimi gələcək nəsillərə fırçanın dili ilə ötürə bilməsi və yaddaşlarda əbədi olaraq həkk olunmasıdır.

Sərgidə ümumilikdə 57 əsər nümayiş olunurdu. Rauf Canıbəyovun dəst-xətti, manerası və seçilmiş mövzuya uyğun sənət nümunələri sanki qədim şəhərimiz haqqında bir nağıl danışır. Yağlı boya, karandaş və rəqəmsal qrafikadan ibarət, müxtəlif texnikalardan istifadə edərək ətrafdakı gözəllikləri canlandırmağa çalışan rəssamın işləri unikallığı və janr müxtəlifliyi ilə seçilir. Onu da qeyd edək ki, bu maraqlı sənət nümunələri rəssamın çox kiçik emalatxanasında ərsəyə gəlib. Elə bu səbəbdən də əsərlərin sırasında genişhəcmli nümunələrə rast gəlmək olmur. İncəsənət sahəsi üzrə, bir gün də olsun, dərs almayan rəssamın əl işləri hər kəsi heyran qoyur, düşünməyə vadar edir. Müəllifin tabloları insana kədər və nostalji hisslər bəxş etsə də, dərinliyində bir düşüncə gizlənir. Rəssam hər bir əsərində insanları işığa, uca, ali hisslərə səsləyir.

Sərgini izlədikcə rəssamın duyğuları, xarakterinin an və təzadları, həyat yolunun ağ-qara dolanbacları gözlər önündə canlanır. Bakı haqqında nağıl danışan bu sərgidə bir anlıq bu gün artıq tarixə qovuşub yaddaşlarda yaşayan “Axşam tramvayı”nda şəhərin küçələrini səyahətə çıxırsan. Bu küçələrdə qarşına elə o köhnə, qırlı küçələrin ağsaqqal kişiləri, başı örpəkli xanımları çıxır. “İçərişəhər” silsiləsində isə dar, dolanbac küçələrdə itib-batırsan. Qulağına haradasa uzaqlardan unudulmaz rejissor Arif Babayevin film qəhrəmanlarının səsləri gəlir... Bir anlıq gözünə düşən işıq səni xəyaldan ayırır. Baxırsan ki, şəhərin küçələrinin yağışlı asfaltında bərq vuran lampaların işığıdır və səni “Abşeron motivləri”nə qərq edir. İşıq selinin ağuşunda “Bağ mövsümü”nün ab-havasına boylanırsan. Bakı bağlarının qızmar qızıl qumunda, günəşin istisindən ayaqları yanaraq qaçan uşaqların şən-şaqraq səsləri gəlir qulağımıza. Bu istidən qaçıb “Tut ağacı”nın altında sərinləyirsən və isti bir Buzovna yeli sənə tarın sədalarında

Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim...

 – deyə pıçıldayır...

Tut ağacından asılıb kimsəsiz qalan yelləncək isə xəyallar aləmində sənə kimlərdən və nələrdən danışmır ki... Haradansa burnumuza Bakının simvolu olan neft qoxusu gəlir. Göydələnli, müasir Bakımızda isə bu gün bu qoxudan əsər-əlamət belə yoxdur. “Artıq olmayan küçə”dən keçib, görəsən, bu gün həmin küçənin sakinləri həmin tarix üçün darıxırlarmı düşüncəsi ilə “Bakı – küləklər şəhəri”nə düşüb real dünyamıza qayıdırıq...

Bu dünyada isə həyat yenə öz axarındadır. Nə köhnə Bakı var, nə də onun insanları. Sərgi zalında səsdən, belə demək mümkünsə, ağız deyəni qulaq eşitmir. Həkim həmkarları sərgi müəllifini təbrik edirlər.

Bu an söz Rauf Canıbəyova verilir. O, qonaqlara təşəkkür edərək sərgidə nümayiş olunan əsərlər içərisində həcminə görə ən böyük olanını – “Bakı – küləklər şəhəri”ni Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə kimi baş mühafiz Məhfuzə Zeynalovaya təqdim edir.

Rauf Canıbəyovun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları müxtəlifdir. İnanırıq ki, “Köhnə Bakı – fırça yaddaşında” sərgisi yaddaşlarda əbədi qalacaq.

Lalə