Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin regional seçim turları başa çatıb. Bərdə və Gəncədən sonra üçüncü seçim turu aprelin 16-da İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilib. Burada İsmayıllı, Şamaxı, Zərdab, Ağsu, Ucar, Ağdaş, Göyçay, Kürdəmir və Qobustan rayonlarından namizədlər çıxış ediblər.

Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Fərqanə Qasımova və Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən ibarət münsiflər heyətinin qərarı ilə Səidə Həmidova, Səfiyyə Yaqublu, Turab Məmmədzadə, Teymur Əzizli, Daşqın Kürçaylı, İsmayıl Talıbxanzadə, Adəm Əmralıyev növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, 21-24 aprel tarixində Beynəlxalq Muğam Mərkəzində müsabiqənin Bakı və regionlar üzrə sonuncu mərhələsinin dinləmələri keçiriləcək. 4 gün ərzində həmçinin müxtəlif rayonlardan müsabiqəyə qatılmaq istəyən iştirakçılar da Bakıdakı seçim turunda özlərini sınaya biləcəklər. Bu dinləmələrdə müsabiqəyə yarışmaq üçün 20 namizəd seçiləcək. May ayının 10-dan isə Azərbaycan Televiziyası ilə müsabiqənin canlı efirlərinə start veriləcək.