Aprelin 19-da Azərbaycan İstiqlal Muzeyində “Gələcəyimiz naminə narkotikə yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və könüllülər iştirak ediblər.

Səbail Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Həmid-Xan Tahirli, Bakı Şəhər Narkoloji Mərkəzinin həkim narkoloqu Aytən Nadirli, psixoloq Vəfa Əkbər tədbirdə çıxış edərək insanların sağlamlığını, həyatını ciddi təhlükə altına salan narkomaniyanın qarşısının alınması istiqamətində vacib məsələlərdən söz açıblar.

Qeyd edilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter daşımalıdır. Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu bəşəri bəlanın yayılmasını önləmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.