Gürcüstanlı qonaqlar Cəbrayıl, Füzuli, Şuşa və Ağdamda olublar

 

Gürcüstandan gələn heyət aprelin 15-də işğaldan azad edilən Cəbrayıl və Füzuli rayonlarında olublar. Qonaqlar əvvəlcə Cəbrayıl rayonu ərazisində minalardan təmizlənmə prosesini izləyiblər.

Füzuli rayonuna gələn qonaqlar Merdinli kəndi ərazisində yerləşən məscidə baxış keçiriblər. Bildirilib ki, digər yaşayış yerləri kimi, Merdinli kəndi də işğal zamanı yerlə yeksan edilib, məscidlər isə tövlə kimi istifadə olunaraq təhqirə məruz qalıb.

Nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olub. Bildirilib ki, 2021-ci ildə cəmi doqquz ay ərzində inşa olunan hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir. Bundan başqa, işğaldan azad olunan Zəngilanda da hava limanı inşa olunur.

Füzuli şəhərinin xarabalığı gürcüstanlı qonaqlarda erməni işğalının nəticələri barədə real təsəvvür yaradıb.

Gürcüstan nümayəndə heyəti aprelin 16-da Şuşa şəhərinə səfər edib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları qarşılayaraq onlara şəhərdə görülən işlər barədə məlumat verib. Bildirib ki, otuz ilə yaxın sürən işğaldan sonra Şuşada şəhərin tarixi simasının, mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Şuşa şəhər qala divarları ilə tanış olan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Gürcüstanlı opera müğənnisi İamze Jakeli qala divarları qarşısında Elza İbrahimovanın “Ey Vətən” mahnısını oxuyub.

Qonaqlar Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi ilə tanış olub, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydana gəliblər.

Qonaqlar Bülbülün Şuşada 1982-ci ildə açılan, 1992-ci ildə şəhərin işğalı zamanı erməni vandalizminə məruz qalan, Şuşa azad edildikdən sonra bərpa olunan və 2021-ci ildə yenidən qapılarını ziyarətçilərə açan ev-muzeyi ilə də tanış olublar. Məşhur vokalçının ocağında gürcü müğənni İamze Jakeli Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını ifa edib.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərəsi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Gürcüstanlı qonaqlar işğaldan azad olunmuş Ağdam şəhərinə də səfər edərək burada ermənilərin törətdikləri vəhşiliklərin izləri ilə tanış olublar. İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının qalıqlarına baxış keçirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahına gələn qonaqlara Ağdam şəhərinin Baş planı, burada həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib.