Professor Selma Yel: “Birliyimiz naminə Yavuz Sultan Səlim və Şah İsmayıl, Əmir Teymur və İldırım Bəyazid kimi tarixi şəxsiyyətləri qərəzsiz şəkildə türk xalqlarına tanıtmaq lazımdır”

 

Bu gün Türk dünyası üçün ən aktual məsələlərdən biri ortaq ünsiyyət dilinin formalaşdırılması və istifadəsidir. Keçmiş SSRİ-nin dağılmasından sonra müstəqillik qazandıqları bu 30 ildən bəri ölkələr arasında tarixi-mədəni, mənəvi, siyasi bağlılıqların möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılsa da, qardaş xalqların ortaq anlaşma dili zərurəti hər keçən gün daha da aktuallıq kəsb edir. Bu məsələyə Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində də dəfələrlə toxunulub. Mövzunun aktuallığı ilə əlaqədar Ankara Qazi Universitetinin professoru Selma Yellə bu barədə söhbət etdik.

 

Türkdilli dövlətlərin müştərək dil mövzusu son zamanlar niyə bu qədər əhəmiyyətli hal alıb?

– İnsanlar arasında ünsiyyəti təmin edən dil həm də özündə əsrlərin, qərinələrin  təcrübəsini, biliyini, mədəniyyətini əks etdirir. Türklər də fərqli coğrafiyalarda qurduqları güclü dövlətlər sayəsində türk dilini bu günə qədər müxtəlif ləhcələrdə yaşatmaqdadırlar və türkcə lüğət zənginliyi ilə dünyanın ən qədim dillərindən biridir.

Əslən indiki Gürcüstanın Axıska vilayətinin Axalkələk mahalından olan Tərəkəmə türkü Məhərrəm Erginə görə, türk millətini yaşadan beş gücdən birincisi hərbdir, ikincisi siyasət və idarəetmə, üçüncüsü iqtisadiyyat,  dördüncüsü geosiyasət, beşincisi isə sosial və mədəni gücdür. Bu baxımdan bütün türk dövlətlərinin müsbət tərəfləri daha da gücləndirilməli, zəif və problemli tərəfləri isə inkişaf etdirilməlidir. Bunun üçün də ilk növbədə ortaq türkcə lazımdır. Ortaq türkcə TDT-nin gücünə güc qatacağı üçün bu qədər əhəmiyyətlidir. Dil canlı və işlək funksiya olduğundan bu proses dayanmamalı,  funksional və davamlı olmalıdır.

Bu gün Türküstan coğrafiyasında ana dili türkcə olsa da, türkdilli dövlətlər hakim güc və mədəniyyətlərin təsirinə məruz qaldıqları üçün bir-birilərini anlamaz hala gəliblər. Tarixdən bir örnək verim. 745 il bundan öncə Karamanoğulları Bəyliyinin qurucusu Karamanoğlu Mehmet ərəbcə, farsca danışan saraydakılarla xalq arasındakı anlaşılmazlıqları görüb “bu gündən sonra divanda, dərgahda, məclis və meydanda türkcədən başqa heç bir dil işlədilməyəcək” fərmanını verərək siyasi və hərbi qalibiyyətlə yanaşı, həm də mədəni zəfərə nail olub. Aradan yüz illər keçsə də, türkdilli xalqların ünsiyyəti, əməkdaşlığı üçün dildə köklü islahatın aparılmasına ehtiyac duyulur.

 

Sizcə, xalqlar dil və mədəniyyətdən əlavə, kimliklərini başqa necə qoruyub saxlaya bilərlər?

– Fərqli dillərin boyunduruğu altında öz orijinallığını itirmiş dil mənsublarından yüksək zəka, dərin düşüncə, anlam və məntiq gözlənə bilməz. Dilin inkişafı dayanıbsa, düşüncə və istehsal da dayanıb, təqlid başlayıb. Son illər Türkiyədə xüsusilə hərbi sənayedə irəliləyişlər olsa da, biz hələ də Orta əsrlərin böyük mütəfəkkir və elm adamlarımızın fəlsəfə və ixtiralarından çox geridəyik. Unutmayaq ki, bitərəf Qərb ziyalılarının dediyi kimi, bugünkü Qərb sivilizasiyasının başlanğıcının əsasını təşkil edən İntibah və İslahat dövrünə İslam mütəfəkkirlərinin, filosoflarının ideyaları, baxışları vüsət verib. Amma son dövrlərdə türk coğrafiyasında yetişmiş və dünya sivilizasiyasına işıq salan bir islam-türk ziyalısından misal çəkmək olarmı? Bunun səbəbini öz kökümüzdən uzaqlaşaraq, fərqli mədəniyyətləri təqlidlə ayaqda qalmağa çalışmaq cəhdləri ilə izah etmək olar.

Fransız mühafizəkar düşüncəsinin nümayəndələrindən olan Jozef de Maistre sosial və fərdi tənəzzül, parçalanma və çöküşün səbəb və nəticələrini araşdırarkən xüsusilə dilə diqqəti cəlb edərək “hər bir fərdi və ya sosial tənəzzülün ilk əlamətləri dil dəyərlərində ortaya çıxar” deyir. Bu baxımdan TDT-nin diqqət yetirməli olduğu ən mühüm məsələlərdən biri də dil birliyini təmin etmək və türkcənin ümumbəşəri ölçüdə elm dili kimi qəbul edilməsinə nail olunmaqdır.

 

Sizcə, 1990-cı illərdən bu yana münbit mühit olmasına rəğmən türkdilli dövlətlər birgə anlaşma dilini niyə formalaşdıra bilməyib? 

– Bayaq dediyim kimi, həm Türkiyə, həm də digər türk dövlətlərinə baxdıqda nəticənin ürəkaçan olmadığı qənaətinə gəlirik. Türk Dil Qurumunun (TDQ) hazırkı lüğətində 616 767 söz olsa da, yazılı dildə təxminən 50 min sözün səmərəli istifadə edildiyi görünür. Bu səbəbdən də işlək olan 50 min sözlə ingilis dilini müqayisə edənlər “türk dili zəngin bir dil deyil” deyir və onun elm dili ola bilməyəcəyini iddia edirlər. Lakin belə bir ümumiləşdirmə aparmaq dilçiliyə görə yanlışdır. XX əsrin başlanğıcında 80 min civarında olan ingilis dili indi 400 mindən çox söz tərkibinə gətirilib. Diqqət edirsinizsə, mən “gəlib” yox, “gətirilib” deyirəm.

Keçmişlə bu günün müqayisəsi aparılarsa, XI əsrdə yazılan “Divani lüğət-it türk”də 8624 söz olduğu halda, eyni dövrdə hazırlanmış latın-ingilis lüğətlərindəki sözlərin sayı 3000-dir. Türkcə sözlər ingilis sözlərindən təxminən 3 dəfə çoxdur. Üstəlik, Mahmud Kaşğarlı bu lüğətə ancaq gündəlik dildə işlənən türkcə sözləri daxil etdiyini bildirir. Yəni o dövrdə az işlənən və ya keçmişdə işlənən sözlər daxil edilərsə, bu fərqin daha çox olacağı şübhəsizdir.

 

Bəs türk dili niyə bu vəziyyətə gəlib çıxıb?

– Çünki türkcəmizin saflaşdırılması, təmizlənməsi kimi cəhdlərdə ifrata yol verilib, ərəbcə və farsca olan sözlərin dilimizdəki işləkliyinə son qoyulması kimi yanlışlıqlar buna səbəb olub. Halbuki bu sözlər Adriatik dənizindən Çin səddinə qədər bütün müsəlman-türk toplumlarında ortaq mənalarda mövcud olub, türklərin fikirlərinin çatdırılmasında əhəmiyyətli rol oynayıb. Bunlar dilimizdə istifadə olunmadıqca müvafiq ölkənin coğrafi mövqeyindən və aktiv mədəniyyətindən asılı olaraq rus, ingilis, fars və s. dillərdə davam etdirilib. Bu mənada deyə bilərik ki, Atatürkün başlatdığı dil islahatını da lazımi səviyyədə dərk etmək mümkün olmayıb və xüsusilə 70-ci illərdən etibarən ideoloji yanaşmalarla dilin saflaşdırılması cəhdləri türkcəyə ciddi ziyan vurub. Bu zərər o qədər böyükdür ki, bilərəkdən və ya bilməyərəkdən Türk dünyası arasındakı ünsiyyətə də böyük zərbə dəyib. Beləliklə, türk ləhcələri arasında da ciddi fərqlər yaranmağa başlayıb. Bir məsələni də deyim, Azərbaycanda hər kəsin Anadolu ləhcələrini daha asan anlamasının əsas səbəbi xalqımızın dilində yaşayan ifadələrin Azərbaycan türkcəsində şifahi və yazı dilində indi də səmərəli şəkildə istifadə olunmasıdır.

 

Bu məsələ 1926-cı ildən – I Türkoloji qurultaydan bəri dəfələrlə müzakirə olunsa da, müsbət nəticə yoxdur...

– Bəli, 26 fevral 1926-cı ildə Bakıda türkologiya ilə əlaqədar qurultay keçirilib. Bu qurultayda Türkiyəni təmsil edən, mənim də böyük sayğı duyduğum Əli bəy Hüseynzadə xüsusilə iki mövzu üzərində durmuşdu. Bunun biri Türkiyə türkcəsinin ortaq dil olaraq qəbul edilməsi, ikincisi isə ortaq əlifba olaraq latın əlifbasına keçilməsi idi. Qatılan əksər ölkələr bu fikrə dəstək versə də, sovet imperiyasının təzyiqləri ideyanın gerçəkləşməsinə imkan vermədi, türkçü aydınlar repressiyaya, sürgünlərə, qətllərə məruz qaldı.

Türkiyənin 1928-ci ildən sonra latın qrafikasına keçməsi müsbət bir addım kimi qiymətləndirilsə də, bu qərar bütün Türk dünyasında qəbul olunmadı. Eyni zamanda İstanbul ləhcəsinin Türkiyədə yazı dili kimi qəbul edilməsi də Azərbaycanla Türkiyə arasında dil fərqini artırdı.

XIX əsrin sonlarından başlayan “dildə, fikirdə, işdə birlik” idealı ilə hərəkət etsəydik, bəlkə də bu gün bu problemlərin çoxundan danışmazdıq. Bu səbəbdən təcili qərarlar qəbul etmək və keçmişdən bəri Türk dünyasının ortaq düşüncəsi olan yazı dilini bütün türk dövlətləri tərəfindən istifadəsinə başlamaq lazımdır. Mustafa Kamal Atatürk “Türk dili ən zəngin dillərdən biridir, yetər ki, bu dil şüurla işlənsin” ifadəsi ilə, əslində, bu problemin həlli yollarından birinə işarə edirdi.

1990-cı ildən bəri türk dövlətlərinin bu mövzu ilə əlaqədar toplantılar keçirməsinə rəğmən, hələ də məsələnin həllini tapmamasının səbəbi, zənnimcə, başda Rusiya, ABŞ, İngiltərə olmaqla böyük imperialist güclərin hər cəhdlə bu ideyanın gerçəkləşməsinə əngəl olmalarıdır.

Amma Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin bu əngəlləri birgə aşmaq gücü artıb, eləcə də buna əngəl olmaq istəyən o qüvvələr zəiflədiyi üçün Türk dünyası hədəfə daha da yaxınlaşıb.

Türkiyə, Türküstan və türkcə məsələlərə olan təzyiqə böyük Atatürkün bu sözlərilə cavab vermək istərdim: “Milli duyğu və dil arasındakı bağ çox güclüdür. Dilin milli və zəngin olması, milli duyğunun inkişafında başlıca şərtdir”. Gəlin, bir daha düşünək, Türkiyənin qurucu lideri Atatürk fransızca çox gözəl danışıb yazdığı halda beynəlxalq toplantılarda türkcə danışmağa niyə üstünlük verirdi və ya niyə ibtidai məktəb yaşındakı uşaqların öz ana dillərində təhsil almasını istəyirdi? Təbii ki, o, xarici dil təhsilinin əleyhinə deyil, uşağın müəyyən yaşa çatdıqdan sonra bu kolleclərdə əcnəbi dildə təhsil almasının daha zərərsiz olduğunun fərqində idi.

 

Hazırda təxminən nə qədər sözlə Türk dünyası bir-birini anlaya bilər, bununla əlaqədar bir araşdırma varmı?

– Ankara Universitetinin Türkcə və Xarici Dillər Tədqiqatı, Tətbiq Mərkəzinin  (TÖMER) mütəxəssisi Xəlil Çağlara görə, türkcə ilə orta hesabla 400 kəlmə ilə anlaşıldığı halda, ingiliscədə orta hesabla 2 min tələffüz istifadə olunur.  Digər türkdilli dövlətlərdə də vəziyyətin Türkiyədəki kimi olduğunu təxmin etmək çətin deyil. Bu səbəbdən TDT-nin əməkdaşlıq üçün başladacağı ortaq fəaliyyətlər təhsildə, incəsənətdə, musiqidə, kinoda, teatrda və hər şeydən əvvəl də ortaq dəyərlərimiz olan dilimizdə milliliyin təmin edilməsi ilə həyata keçirilməlidir. Bunun üçün də türk qrammatikasına uyğun ümumi sözlər hazırlamaq və ya mövcud türk ləhcələrindən uyğun sözləri seçib ümumi istifadəyə təqdim etmək məqsədəuyğun olar.

 

Böyük türk mütəfəkkir və ideoloqlarının birlik ideyalarının reallaşması üçün hansı işlər görülməlidir?

– TDT artıq böyümək və güclənmək əzmindədir. Rusiya Federasiyasının tərkibindəki çoxsaylı muxtar türk respublikaları var. Təbii ki, onlar da bu təşkilatda yer alacaq. Bu səbəbdən Rusiyanın da bu quruma daxil olması qaçılmazdır. Odur ki, bu təşkilatın nəzdində nələr edə bilərik, onu da deyim.

Peyk və internet vasitəsilə Türk dünyasının diqqətini çəkəcək müxtəlif yayımlar etmək mümkündür. Bütün türk ləhcələrində, yazılı və vizual mediada ortaq dəyərlərimiz, sevincli, kədərli, əlamətdar günlərimiz paylaşılmalı və yenidən xatırlanmalıdır, musiqinin universal dilindən istifadəyə, birgə musiqi mədəniyyəti verilişlərinin aparılmasına diqqət yetirilməlidir. Həmçinin ortaq tarixi hadisələr, mənəvi-mədəni dəyərlərdən bəhs edən seriallar çəkilməlidir.

Məsələn, Birinci Dünya müharibəsi illərində Zeynalabdin Tağıyevin ruslara əsir düşən türk əsirlərə himayədarlıq etməsi müasirlərimizə nə qədər məlumdur?  Türk dünyasının görkəmli tarixi şəxsiyyətlərindən bəhs edən təqdimatlara önəm verilməlidir. Yaxud Türk İslam Ordusu tərəfindən Bakının azad edilməsi ilə yanaşı, son 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəkləri yeni nəsillərə düzgün çatdırılmalıdır. Bütün bunlarla bu coğrafiyadakı övladlarımız məcburiyyət olmadan bir-birlərini anlamağa başlayacaq.

Eyni zamanda akademik araşdırmalarda ortaq dil təcrübəsinin bazasını gücləndirmək və ortaq türkcəyə Türkiyə türkcəsini daxil etmək israrı əvəzinə bütün türk ləhcələrini daxil etmək olar. Tərəfdaş universitetlərin sayını artırmaqla yanaşı, birgə fakültələr, institutlar, elmi tədqiqat və türk dili, türk ləhcələrinin tədris mərkəzlərini yaratmaq və onları cəlbedici məkanlara çevirmək olar.

Ortaq türk tarix dərsliklərinin yaradılması da bu mənada vacibdir. Bundan başqa, tarixi personajlar və hadisələrlə bağlı əsrlərdir davam edən ideoloji ayrı-seçkilik baxışlarına son qoyulmalıdır. Məsələn, Yavuz Sultan Səlim və Şah İsmayıl, Əmir Teymur və İldırım Bəyazid kimi tarixi şəxsiyyətləri qərəzsiz şəkildə bütün türk xalqlarına tanıtmaq lazımdır.

Türkdilli xalqların nağıl qəhrəmanlarının, folklor nümunələrinin tanıdılması üçün hazırda Türkiyədə müəyyən irəliləyişlər var, bu nümunəni digər türkdilli dövlətlərdə də genişləndirmək yaxşı olardı.

Bütün türkdilli dövlətlər üçün keçərli olmaq üzrə dünya brendinə çevrilə biləcək məhsullar istehsal etmək, dizaynlar qurmaq lazımdır. Təbii ki, bu fəaliyyətlərə müdaxilələr olunmaması üçün TDT ordusunun formalaşdırılması və ortaq iqtisadi sərmayələrin yatırılması prioritet olaraq həyata keçirilməlidir.

Hər kəs səmimi olaraq qəbul etməlidir ki, heç bir türk xalqı digər türk xalqından üstün və imtiyazlı deyil. Alınan tədbirlər bütün Türk dünyasının ortaq maraqları üçündür. Bütün türk xalqlarının əcdadı Bilgə Xaqanın “Türk, Oğuz milləti, eşidin, göylər dağıtmasa, yerlər dəlinməsə, türk törəməsini kimsə yox edə bilməz!” nəsihəti çərçivəsində fəaliyyətinə davam edən Türk Dövlətləri Təşkilatının yolu açıq olsun! 

Mehparə Sultanova
Ankara