Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası aprelin 17-də Azərbaycan Dövlət  Akademik Opera və Balet Teatrında növbəti dəfə nümayiş olunub. Hər zaman böyük tamaşaçı auditoriyası toplayan tamaşa, bu dəfə də anşlaqla keçib.

Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), Cahangir Qurbanov (qoçu Əsgər), Tural Ağasıyev (Rza bəy), Ələkbər Əliyev (Həsənqulu bəy), Təyyar Bayramov (Xanəndə), solistlər Fəhmin Əhmədli (Həsən bəy), Xalid Bəkirov (Hambal) öz partiyalarını yüksək professional səviyyədə ifa etmişlər. Tamaşanı Əməkdar incəsənət xadimi, dirijor Sevil Hacıyeva idarə edib.

Budəfəki tamaşada əlamətdar cəhətlərdən biri teatrın iki gənc və istedadlı solistinin – Fatimə Cəfərzadənin Gülnaz, Atəş Qarayevin Sərvər rolunda uğurlu debütləri olub. Onların ifa etdikləri ariya və duetlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bu ifalar teatrın səhnəsinə yeni istedadların gəlişindən xəbər verir.