Aprelin 20-də milli teatr və kino sənətimizin unudulmaz siması, Xalq artisti Nəsibə Zeynalovanın (1916-2004) anadan olmasının 106-cı ildönümü tamam oldu. Sənətkarın doğum günü məzarı başında qeyd edilib.

Mədəniyyət Nazirliyinin əməkdaşları və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Görkəmli aktrisanın həyat yoluna nəzər salan Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev xatirələrini bölüşüb və vaxtilə Nəsibə xanımın sənət möhürü vurduğu tamaşaların yeni quruluşda səhnələşdirilməsindən söhbət açıb: “Azərbaycan teatrında elə unudulmaz sənətkarlar var ki, illər, qərinələr keçsə belə, heç vaxt unudulmayacaq. Onlardan biri də Nəsibə xanım Zeynalovadır. Bu gün Nəsibə xanımın məzarını ziyarətə gələn aktyorlarımızın bəziləri onunla eyni səhnəni bölüşüblər, bəzilərinə isə bu xoşbəxtlik nəsib olmayıb. Mən özümü xoşbəxt sənət adamı hesab edirəm ki, elə korifey sənətkarla ünsiyyətim olub. Nəsibə xanımın oynadığı bəzi tamaşalar hələ də teatrımızın repertuarındadır. Bu yaxınlarda “Qayınana” tamaşasının məşqlərinə başlayacağıq. Bu tamaşaya Nəsibə xanımdan sonra müraciət olunmayıb. “Qayınana”nı Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda səhnədə yenidən görəcəyik”.

Direktor qeyd edib ki, vaxtilə Nəsibə Zeynalovanın oynadığı “Hicran” musiqili komediyasını da sənətsevərlər yenidən səhnədə görəcəklər. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verəcək: “Nəsibə xanımın oynadığı tamaşalar teatrda öz layiqli yerini qoruyacaq. O, ümumxalq məhəbbətini və rəğbətini qazanmış fitri istedada malik böyük sənətkar idi… Allah rəhmət eləsin....”.