Aprelin 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tanınmış türkiyəli şair, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Yubiley tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi, Əli Kərim adına Sumqayıt Poeziya evinin təşkilatçılığı gerçəkləşib.

Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı Türkiyə və Azərbaycan arasında mədəni əlaqələrdən bəhs edib və yubilyar yazarın çağdaş ümumtürk ədəbiyyatına töhfələrindən danışıb.

“Türk ədəbiyyatı” jurnalının baş redaktoru, yazıçı İmdat Avşar Serhat Kabaklının həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında Türkiyə və Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin inkişafında Serhat Kabaklının xidmətlərini qeyd edib, yubilyara xoş diləklərini çatdırıb.

Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev Sumqayıt şəhəri ilə mədəni münasibətlərin inkişafına verdiyi töhfələrə görə və 70 illik yubileyi münasibətilə Serhat Kabaklının regional idarənin fəxri fərmanı ilə təltif edildiyini bildirib. Şairi cansağlığı və yaradıcılıq uğurları arzulayan R.Əliyev fəxri fərmanı yubilyara təqdim edib.

Tanınmış sumqayıtlı şairlər, Prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva və Əşrəf Veysəlli çıxış edərək Serhat Kabaklının yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüb, ona xatirə hədiyyələri təqdim ediblər.

Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov şairin şeirlərini söyləyib, aşıqlar Roman Azaflı və Elməddin Məmmədli şairin şeirlərini saz havaları üstündə səsləndiriblər.

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar birlik və Sumqayıt Poeziya evi adından yubiley təltifini şairə təqdim edib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov icra başçısı Zakir Fərəcovun adından yubilyara  təbriklərini çatdırıb.

Serhat Kabaklı göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.