Nəriman Nərimanovun Xatirə Muzeyində aprelin 19-da "Şuşa İli"nə həsr edilmiş tədbir keçirilib. "Qədim Şuşa" adlı tədbir Nəriman Nərimanovun Xatirə Muzeyi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin (UMMİB) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Ləman Hüseynova bildirib ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Suraxanı rayonu 226 saylı tam orta məktəbin tarix müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Təranə Cəbiyeva milli dəyərlərimizi, Şuşa şəhərinin mədəniyyətini, tarixini gənc nəslə çatdırmaq baxımından tədbirin əhəmiyyətini qeyd edib.

Tədbirin bədii hissəsində “Aytam” İB-nin üzvləri Səid Quliyev (tar) “Bayatı-Şiraz” muğamını, Elgün Qulamov Elza İbrahimovanın “Ey vətən” mahnısını, Üzeyir Hacıbəylinin “Sənsiz” romansını və müəllifi olduğu “Azərbaycan” şeirini səsləndiriblər. Zərif Qazi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini söyləyib, Ləman Bəkirova isə “Qarabağ” rəqsini ifa edib.

“Aytam” İB-nin sədri Aygün Zamanlı tədbir iştirakçılarına və muzeyin kollektivinə təşəkkür edib.

Tədbirin sonunda ictimai birliyin üzvlərinə muzeyin təşəkkürnamələri təqdim edilib. Qonaqlar muzeyin ekspozisiyası və Şuşaya həsr olunmuş sərgiyə baxıblar.

Nurəddin