“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi davam edir.

Layihə üzrə “Puç olmuş arzular” adlı kompozisiya təqdim edilib. Kompozisiya Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən müharibəsi şəhidi Əliağa Məmmədovun simasında bütün şəhidlərimizə həsr olunub.

Layihənin rəhbəri Aida Səfərova bildirib ki, səhnə işi yazıçı Narıngül Nadirin ssenarisi əsasında “Ritual” mobil teatr laboratoriyasının rejissoru və sosial teatr təlimçisi Elnur Paşa Rzayevin quruluşunda hazırlanıb. Kompozisiyada “Səssiz Dünya” İctimai Birliyi və Musiqili Teatrın “İnklüziv teatr” studiyasının üzvləri Sunay Məmmədli, Timur Ağayev, Yasin Məmmədov, Əfsanə İsmayılova, Nərmin Hümbətzadə, Səkinə Nəzərova, Nihat Nəzərov və Mürşüd Hüseynov iştirak ediblər.

Kompozisiyanın sonunda şəhid Əliağa Məmmədovun yazdığı bir şeir həm jest dili ilə, həm də surdotərcüməçi vasitəsilə tamaşaçılara çatdırılıb.

A.Səfərova qeyd edib ki, kompozisiya 200 diskə yazılaraq sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 3 saylı respublika xüsusi internat məktəblərinə pulsuz paylanılacaq. Bundan əlavə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 200 ədəd jest dilində daktil əlifba kitab da çap olunaraq onlara bu təhsil ocaqlarına hədiyə ediləcək.

Tədbirin iştirakçıları olan eşitmə və nitq məhdudiyyətli uşaqlar Akademik Musiqili Teatrın “İnklüziv teatr” studiyasında məşğələlər keçib və burada onlar üçün yaradılan şəraitdən bəhrələniblər.

Sonda layihənin fəal üzvlərinə “Səssiz Dünya” İB-nin diplomları təltif edilib.