Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əhatə etdiyi R.Babayev adına 25 nömrəli onbirillik Musiqi məktəbi Bakı Musiqi Akademiyasında (BMA) Vətən müharibəsi şəhidi Kəmaləddin Məmmədzadənin xatirəsinə həsr edilmiş tədbir keçirib. Tədbirdə Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Millət vəkilləri Fazil Mustafa, Əziz Ələkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Adil Babayev, məktəbin direktoru Əmirhüseyn Hüseynov çıxış edərək Vətənin qəhrəman oğullarının şücaətindən danışıblar.

Bildirilib ki, Kəmaləddin Məmmədzadə 1999-cu ildə Bakıda anadan olub. 2006-2017-ci illərdə Xətai rayonu 249 nömrəli tam orta məktəbdə təhsil alıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti Nəqliyyat fakültəsinin geodeziya və xəritəçilik ixtisasına daxil olub. O, üçüncü kursa keçəndə təhsilini dayandırıb hərbi xidmətə yollanır. Vətən müharibəsində 27 sentyabrdan 8 noyabradək müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edir. Müharibənin 44-cü günü – noyabrın 9-u sübh tezdən Şuşa şəhəri ətrafında düşmənin snayper atəşi ilə şəhidlik zirvəsinə ucalır.

K.Məmmədzadə dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Tədbirdə Kəmaləddinin kiçik yaşlarında skripkada ifası əsasında hazırlanmış videoçarx nümayiş olunub. Musiqi məktəbinin simfonik orkestri, xorunun ifasında müxtəlif əsərlər və şəhidin bacısı Könül Məmmədzadənin qardaşına həsr etdiyi şeir səsləndirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev K.Məmmədzadənin valideynlərinə və onların simasında şəhid ailələrinə, məktəbin kollektivinə, təşkilatçılara təşəkkürünü bildirib. Şəhidin ailə üzvləri qardaşının xatirəsinə göstərilən diqqətə görə tədbir minnətdarlıq ediblər.