Beynəlxalq elmi-praktik konfrans keçirildi

 

Bu konfransın keçirilməsində məqsəd Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanılması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaqdan ibarətdir.

Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzulu beynəlxalq konfransın açılışında universitetin rektoru, professor Gülçöhrə Məmmədova diqqətə çatdırdı.

21-22 aprel tarixlərində gerçəkləşən beynəlxalq elmi-praktik konfrans hibrid (onlayn və əyani) formada təşkil olunmuşdu.

Konfransın “Fairmont Baku” hotelində keçirilən açılışına mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Firudin Qurbanov, respublikanın ali təhsil müəssisələri və elmi qurumlarının rəhbər şəxsləri, Türkiyə, İtaliya və Qazaxıstandan alimlər qatılmışdılar.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərindən söz açaraq bildirdi ki, bu işlərlə yanaşı otuz il sürən işğal dövründə ermənilər tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir. Qeyd etdi ki, Azərbaycanın memarlıq sahəsində ən qocaman təhsil ocağı kimi AzMİU da bu işlərə öz töhfəsini vermək əzmindədir. Universitetdə çalışan alimlər tarixi-memarlıq irsimizin öyrənilməsi, mühafizəsi və istifadəsi problemlərini tədqiq edir, müxtəlif layihələr ərsəyə gətirirlər.

Rektor memarlıq irsinin qorunub saxlanılmasına cavabdeh olan beynəlxalq təşkilatların işğal olunmuş ərazilərimizdə mədəni irsin məhv edilməsinə biganəlik nümayiş etdirməsinə də toxundu. Qeyd etdi ki, Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus olan əraziləri geri qaytarıb və indi bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun erməni işğalçıları tərəfindən necə məhv edildiyini görür.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verdi, görüləcək işlərə qısa nəzər saldı, vandalizmə məruz qalan abidələrin yeni siyahısı və vəziyyəti barədə bilgiləri bölüşdü. Qeyd olundu ki, işğaldan azad edilən ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi mövcuddur. Şuşada Bülbülün Ev-Muzeyi, Üzeyir Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi bərpa olunub, Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Saatlı məscidinin bərpası davam etdirilir. Yaxın zamanlarda Ağdamda Cümə və Qiyaslı məscidlərinin də bərpasına başlanılacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanov 30 ilə yaxın davan edən işğal dövründə Qarabağ ərazisində dağıdılan infrastruktura diqqət çəkərək ümumilikdə 993 təhsil müəssisəsinin məhv edildiyini diqqətə çatdırdı.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə müəssisənin tabeliyində olan abidələrin bərpası ilə bağlı görülən işlər haqqında danışdı, bu işlərin daha geniş vüsət alması üçün müvafiq institut və universitetlərlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Konfransın plenar iclasında AzMİU-nun rektoru Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliyadan bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert Alessandro Bianki “Qarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması sahəsində irəliləyiş fürsəti” mövzularında məruzə etdilər.

***

Sonra konfrans dörd seksiya üzrə işini davam etdirdi, ümumilikdə 50-yə yaxın məruzə dinlənildi. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan və Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr idi.

İlk seksiyada “Şuşanın memarlıq irsi” mövzusu ətrafında çıxışlar oldu. Şuşa şəhərinin memarlıq abidələri və şəhərsalma quruluşunun xüsusiyyətləri, işğal dövründə Şuşanın tarixi-memarlıq irsinə vurulan zərbə, şəhərin memarlıq mühitinin bərpası və istifadəsi problemləri, eləcə də Şuşanın multikultural mühiti, sarayları və s. istiqamətlər üzrə fikir mübadiləsi aparıldı.

Müzakirəyə çıxarılan ikinci məsələ “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin bərpası və qorunması problemləri” mövzusuna həsr olunmuşdu. Burada Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi, müharibə və işğal illərinin bu mirasa təsiri, tarixi memarlığın bərpa, mühafizə və istifadə problemləri diqqət mərkəzinə çəkildi, maraqlı məruzələr təqdim olundu.

“Mədəni irsin idarə olunması” mövzusunda üçüncü seksiyada tarixi-memarlıq irsinin qorunmasında yeni texnologiyalar, irsin idarə olunmasının sosial aspektləri və bununla bağlı beynəlxalq təcrübə haqqında söz açıldı.

Dördüncü istiqamət kimi isə “Tarixi şəhərlərin müasir inkişafı” mövzusu seçilmişdi. Burada regionun intensiv inkişafı kontekstində mədəni irsin idarə olunması problemləri, müasir şəhərlərin yaradılması, tarixi ərazilərin qorunub saxlanılması və bərpası, regionun davamlı inkişafında mədəni irsin rolu, nəqliyyat problemləri və mühəndis kommunikasiyaları ilə əlaqədar təhlillər aparıldı.

Beynəlxalq elmi-praktik konfrans aprelin 22-də işini AzMİU-da davam etdirdi.

Həmidə Nizamiqızı