Ağdaş RMİ Zərdab rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində uşaqların ensiklopedik biliklərə maraqlarını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək məqsədilə “Ağıllıyıq biz” adlı oyun təşkil olunub. Yarışmada şəhər 2 və 3 saylı məktəblərin şagirdləri iştirak ediblər.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və Quba rayon I Nügədi 2 saylı ümumi orta məktəbin birgə təşkilatçılığı ilə “Görkəmli maarifçi və pedaqoq Firidun bəy Köçərli” adlı tədbir keçirilib. Tədbirdə görkəmli ədəbiyyatşünas və maarif xadiminin tarixi xidmətləri barədə şagirdlərə məlumat verilib.

Sumqayıt RMİ, Sumqayıt Dövlət Rəsm Qalereyası və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin birgə təşkilatçılığı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində peşəkar rəssamlar Tofiq Əhmədov, Namiq Cavad, Murad Kərimov, İntiqam Cəfərov və Elçin Qasımovun əsərlərindən ibarət “İz” adlı sərgi keçirilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov və başqa qonaqlar iştirak ediblər. Aprel ayının axırına kimi izləyicilər üçün açıq olacaq sərgidə rəssamların ümumilikdə 50-dək əsəri nümayiş olunur.

Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində gənc şair Elvin Əlizadənin “-29” adlı ilk şeirlər kitabının təqdimatı və imza günü keçirilib. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi ilə təşkil olunan tədbirdə Yazıçılar Birliyinin nümayəndələri Rəşad Məcid, Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri Namiq Məna və digər qonaqlar iştirak ediblər.

Abşeron rayon Mehdiabad qəsəbə Uşaq musiqi məktəbinin şagirdləri Türkiyədə onlayn formatda keçirilən 5-ci beynəlxalq “Bravo” musiqi müsabiqəsində uğur qazanıblar. Violin şöbəsinin şagirdləri Murad Məmmədli, Banuçiçək Qulizadə, Ayan Quliyeva və fortepiano şöbəsinin şagirdi Rəna Quluzadə 3-cü dərəcəli laureat adına layiq görülüblər.

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzinin şəbəkəsinə daxil olan əməkdaşların iştirakı ilə seminar-müşavirə keçirilib. Seminar-müşavirədə çıxış edən RMİ-nin rəis müavini Telman Əzimov mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar haqqında tədbir iştirakçılarına məlumat verib.

N.Məmmədli