Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixində Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalı keçirilir.

Qərbi Avropada klassik musiqinin XVI əsrin sonu – XVIII əsrin birinci yarısında inkişaf dövrünü “Barokko musiqisi” adlandırırlar. Barokko – təxminən 150 il ərzində (Y.S.Baxın vəfat etdiyi 1750-ci ilədək) musiqidə müxtəlif bəstəkarlıq üslub və axtarışlarının mövcud olduğu dövrdür. Məhz bundan sonra Avropada klassik (akademik) musiqi tam təşəkkül tapıb.

“Barokko Günləri” festivalı çərçivəsində sənətsevərlər bu dövrə aid musiqi nümunələrini azərbaycanlı ifaçılarla yanaşı, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstandan olan musiqiçilərin də təqdimatında dinləmək imkanı qazanacaqlar.

Festival aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında alman bəstəkarı K.V.Qlukun (Christoph Willibald Ritter von Gluck) “Orfey və Evridika” operasının premyerası ilə başlayıb.

Festivalın ikinci gününün proqramına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Georgian Sinfonietta” Tbilisi Kamera Orkestri (dirijor – Əməkdar artist Əyyub Quliyev) və azərbaycanlı solistlərin ifasında konsert daxildir.

“Barokko Günləri” festivalı çərçivəsində Kamera və Orqan Musiqisi Zalında konsertlər, həmçinin Bakı Musiqi Akademiyasında ustad dərsi də nəzərdə tutulub.