Aprelin 27-də dünya şöhrətli violonçel ifaçısı, dirijor həmvətənimiz Mstislav Rostropoviçin (1927-2007) vəfatının 15 ili tamam olacaq. Bu münasibətlə L. və M.Rostropoviçlərin Bakıdakı ev-muzeyində “Maestrosuz 15 il” adlı anım tədbiri keçiriləcək.

Xatirə axşamında Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx və respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək.

Anım tədbirində həmçinin muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, Vətən müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək. Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq.

Daha sonra 150 nömrəli tam orta məktəbin şagirdləri maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və zaman” adlı şeirləri səsləndirəcəklər.