26 aprel görkəmli alim, yazıçı, pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında mühüm xidmətlər göstərmiş, professor Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 114-cü ildönümüdür. Bu münasibətlə Respublika Gənclər Kitabxanası “Mir Cəlal Paşayev – yaddaşlarda gözəl xatırlanan şəxsiyyət” adlı videomaterialı onlayn rejimdə istifadəçilərə təqdim edib.

Materialda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə xüsusi yer verilib, burada yüzlərlə tələbənin sevimli müəllimi haqqında xatirələri yer alıb. Videoçarxda bir sıra alim, dövrün ədibləri tərəfindən Mir Cəlalın elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental elmi əsərləri haqqında söylənilən fikirlər də verilib. Bundan əlavə, videoçarxda ədibin “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab" romanları haqqında da məlumatlar əksini tapıb.

Bundan əlavə, kitabxanada “Yazıçı Mir Cəlal Paşayev” adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən kitablar, dövri mətbuat nümunələri, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Mir Cəlal həqiqətləri” tövsiyə (ədəbiyyat siyahısı) yer alıb.