Gəncədə Türkiyənin 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub. Tədbir Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti dəstəyi və Gəncə RMİ-nin təşkilatçılığı ilə keçirilib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, qardaş ölkənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikoloz İaşvili, Gəncə RMİ-nin rəisi Vasif Cənnətov və digər qonaqlar iştirak ediblər.

Baş konsul Zeki Öztürk və icra başçısı Niyazi Bayramovun çıxışlarından sonra Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, filarmoniyanın nəzdində fəaliyyət göstərən "Xəmsə" estrada qrupu və digər kollektiv və ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunub.

Tədbirə qatılan bütün uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin (TBMM) yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprel tarixinin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. 1929-cu ildən etibarən Türkiyədə 23 aprel Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunmağa başlayıb.