Azərbaycan İstiqlal Muzeyinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə ötən ildən həyata keçirdiyi “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi davam edir.

Aprelin 26-da layihənin ikinci mərhələsi çərçivəsində “Torpağına can demişəm” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, habelə Binəqədi Gənclər Evinin könüllüləri və digər qonaqlar iştirak ediblər.

Qonaqlar 2016-cı il fevral ayında atəşkəs rejiminin pozulması nəticəsində şəhidlik zirvəsinə ucalan leytenant Rahib Quliyev, Vətən müharibəsi şəhidlərindən mayor Vüsal Vəliyev, XTQ giziri Rəşad Babayev, XTQ əsgəri Cavid Hüseynov, əsgər Samir Paşayev və Şaiq Kəlbiyevə məxsus 130-dək müxtəlif şəxsi əşyaların, sənədlərin və fotoşəkillərin nümayiş edildiyi sərgi ilə tanış olublar.

Sərgi mayın 5-dək davam edəcək.