“Zərifə Əliyeva” gəmi-bərəsi istismara verilib

 

Aprelin 28-də Azərbaycan tibb elmində silinməz izlər qoymuş oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının 99-cu ildönümü tamam oldu. Zərifə Əliyeva həkimlik fəaliyyəti dövründə neçə-neçə insana gözünün itmiş nurunu yenidən qaytarıb, onların qaranlıq dünyasını işıqlandırıb. Görkəmli alimin adı bu gün Azərbaycanda fəxr hissi ilə səslənir, ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir, əziz xatirəsi ehtiramla yad edilir.

Akademik Zərifə Əliyevanın xatirəsi əbədiləşdirilib, kitablarda, təsviri sənət və musiqi əsərlərində yaşayır. Görkəmli alimin adını bundan sonra Xəzərin sularında üzəcək və ölkəmizin iqtisadi inkişafına töhfələr verəcək gəmi-bərə yaşadacaq...

Prezident İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

Gəmi-bərə barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər var.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsib.

Xatırladaq ki, ötən ilin martında Suveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsini beynəlxalq gündəlikdə önə çıxarmışdı. Hazırkı geosiyasi təlatümlər fonunda isə bu məsələ aktuallığını xüsusilə artırıb. Buna görə də Şərq-Qərb-Transxəzər dəhlizi xüsusilə cəlbedici görünür və Azərbaycan da yeni çağırışlara adekvat olaraq infrastrukturunu yaxşılaşdırır.

Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibətini, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb.

Gəmi-bərə ilə tanış olan Prezident İlham Əliyev daha sonra onun işə salınmasını bildirən düyməni basıb.

“Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına töhfə verəcək.