Cənubi Qafqazda inkişaf və əməkdaşlıq

 

Aprelin  28-də Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq forum işə başlayıb.

Foruma dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri qatılıb.

Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroportla yaxından tanış olduqdan sonra Füzuli rayonu ərazisində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər.

Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsidir.

Forumun birinci günü “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirilib.

Aprelin 29-da isə forum ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələrlə davam edəcək.