Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də ABŞ dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger, Gürcüstandakı səfiri Kelli Deqnan və Ermənistandakı səfiri Linn Treysi daxildir.

Görüşdə regional məsələlər barədə fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.

Dövlətimizin başçısı 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın ərazilərimizdə törətdiyi dağıntıları, maddi-mədəniyyət abidələrimizin, 60-dan çox məscidin dağıdıldığını bildirib. İşğal dövründə ərazilərimizdə Ermənistan tərəfindən çox sayda minaların basdırıldığını deyən İlham Əliyev hazırda Azərbaycanın üzləşdiyi mina problemini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Birinci Qarabağ müharibəsində 4 mindən çox soydaşımızın itkin düşmüş hesab olunduğu, onların bir çoxunun işgəncələrə məruz qaldığı və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığı da diqqətə çatdırılıb. Həmin məzarlıqların yerləri haqqında Ermənistan tərəfindən məlumatın verilməsinin vacibliyini vurğulayan dövlət başçısı bununla əlaqədar ABŞ hökumətinin dəstəyinin zəruriliyini qeyd edib.