Satış-sərgidə 45 rəssam və heykəltəraşın əsərləri yer alıb

 

Xəbər verildiyi kimi, 29-30 aprel tarixlərində Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Baku”nun birgə təşkilatçılığı ilə “Təsviri sənətə səyahət” adlı satış-sərgi keçirilib.

Açılışda çıxış edən mədəniyyət naziri Anar Kərimov satış-sərginin təsviri sənətimiz və bu sahədə çalışan insanlar üçün əlamətdar hadisə olduğunu dedi: “İlk dəfə olaraq Mədəniyyət Nazirliyi özəl sektoru cəlb edərək belə bir sərgi-yarmarka təşkil edib. Bu işə tanınmış gənc rəssam və heykəltəraşlar da cəlb olunub. Pandemiya dövründə bu sahədə çalışan insanlar öz əsərlərini lazımınca təbliğ edə bilmədilər. Bu tədbirlə biz rəssamlıq sahəsində çalışanlara satış imkanları yaradırıq. Əminəm ki, təsviri sənətimizin təbliğinə yönələn layihə bundan sonra da uğurla davam etdiriləcək...”.

Anar Kərimov dedi ki, layihənin məqsədi yaradıcı insanlara dəstək olmaq, onların əsərlərini geniş ictimaiyyətə, beynəlxalq aləmə, habelə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpuslara tanıtmaqdır. Sərgidə 45 rəssam və heykəltəraşın əsərləri yer alıb. Onların arasında 2016-cı ilin Aprel döyüşləri şəhidi, heykəltəraş Samir Kaçayevin də əsərləri var.

Nazir onu da diqqətə çatdırdı ki, satış-sərgidən əldə olunan vəsait rəssam və heykəltəraşlara çatdırılacaq: “Məqsədimiz bu sahədə çalışan insanlara dəstək olmaqdır. İnanırıq ki, belə layihələr Azərbaycanda yaradıcı sənayenin inkişafına töhfə olacaq. Dəvətimizi qəbul edib sərgiyə qatılan rəssamlara və təşkilatlara təşəkkürümüzü bildiririk”.

Daha sonra Anar Kərimov tanınmış rəssamlar Altay Sadıqzadəyə rəssamlıq sənətinə töhfələrinə görə və Məlik Ağamalova 60 illik yubileyi münasibətilə nazirliyin fəxri diplomlarını təqdim etdi, onlara yaradıcılıq uğurları arzuladı.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov dedi ki, bu gün sənət bayramıdır. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı həyata keçirilir. Bu da təsviri və tətbiqi sənətin bütün sahələrinin əhatə olunması deməkdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. İlk satılan əsər Xalq rəssamı Arif Hüseynovun “Azərbaycan nağılları” silsiləsindən əsəri oldu.

L.Azəri