Mayın 4-də paytaxtdakı Xətai Sənət Mərkəzində rəssam Nazim Şamxorovun “İşığın ecazkar əksi” fərdi yaradıcılıq sərgisi açılacaq.

Azərbaycan Rəssamlar İttifaqı və Bakı Qalereyasının dəstəyi ilə təşkil edilən sərgi 8 may tarixinədək davam edəcək.

Nazim Şamxorov 1982-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (Xalq rəssamları Böyükağa Mirzəzadə, Oqtay Şıxaliyev və Fərman Qulamovun emalatxanası) təhsil alıb. 2006-ci ildən Cəfər Cabbarlı adına Teatr Muzeyində bərpaçı rəssam işləyir. Müxtəlif sərgilərin iştirakçısı olan rəssam 2013-cü ildə Moldovada beynəlxalq simpoziumda ölkəmizi təmsil edib.

Rəssam "Abşeron", "Neft daşları", "Bakı", "Xəzər dənizi", "Şuşa – Daşaltı kəndi" və s. əsərlərin müəllifidir. Əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Xətai Sənət Mərkəzində və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın "Şuşa. Gövhər ağa məscidi" tablosu 2021-ci ildə Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimov tərəfindən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna təqdim olunub.