30 aprel – Beynəlxalq Caz Günü bir çox ölkələrdə müxtəlif tədbir və layihələrlə qeyd olunub. Almaniyanın Bremen şəhərində keçirilən “Jazzahead” sərgi-festivalı təkcə bu ölkədə deyil, ümumilikdə Avropada caz musiqisi üzrə mühüm beynəlxalq platformadır.

28 aprel – 1 may tarixlərində gerçəkləşən “Jazzahead-2022” sərgi-festivalına dünyanın bir çox yerlərindən sənətçilər, caz həvəskarları qatılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il ölkəmiz də beynəlxalq caz bayramında təmsil olunub.

Festival-sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva çıxış edib. Peşəkar pianoçu, Montrö Caz Festivalının iştirakçısı Əfqan Rəsul və gənc vokalçı Diana Hacıyeva qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi duetə çevrilib. Qeyd edək ki, duet ilk dəfə “Bakı Caz Festivalı 2021”də səhnəyə çıxıb.

“Jazzahead-2022” çərçivəsində Bremen şəhərində “Deutche Jazz Preis” – Alman Caz Mükafatının təqdimat mərasimi də keçirilib. Mərasimdə tanınmış cazmen, Əməkdar artist İsfar Sarabski də iştirak edib. İ.Sarabskinin “Planet” albomu “İlin ən yaxşı xarici debüt albomu” nominasiyası üzrə təqdim olunub. Albom mükafata təqdim edilmiş yeni layihələr arasında 3 nominantdan biri olub.