Lənkəran RMİ-nin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində fotosərgi təşkil olunub. Sərgi “Rənglənmiş tarix” Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində keçirilib.

Sərgidə şuşalı görkəmli musiqi xadimlərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullarla rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov və başqalarının fotoları yer alıb. Sərgi ilə tanışlıq adıçəkilən musiqiçilərin səs yazıları ilə müşayiət olunub.

Sərgini giriş sözü ilə açan Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov Şuşanın musiqi xadimlərinin gənclər arasında tanıdılması üçün ağ-qara fotoların rənglənməsi üsulunun uğurlu vasitə olduğunu vurğulayıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrin dəstəklənməsi agentliyin prioritet istiqamətləri sırasında yer alıb. Həmçinin agentlik ölkəmizin mədəniyyət siyasətinə xidmət edən layihələrə xüsusi önəm verir.

Sərginin sonunda Lənkəran rayon mədəniyyət müəssisələrinin incəsənət ustaları, “Babalar” xor kollektivi və “Ay Lolo” mahnı və rəqs qrupunun ifasında bədii hissə təqdim olunub.