Meksikanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Çili və Kolumbiya səfirliklərinin birgə əməkdaşlığı ilə Sakit Okean Alyansının 11 illiyi münasibətilə “Ədəbi regionçuluğa töhfələr və xalqların ədəbiyyatda təmsil olunması yolları” adlı virtual görüş keçirilib.

Tədbirdə diplomatik korpus, ictimaiyyət nümayəndələri, ispan dilini öyrənən tələbələr və virtual formada Meksika, Çili və Kolumbiyanın tanınmış yazıçıları David Toskana, Beatris Vaneqas, Karlos Franz və moderator qismində Edvin Qamboa iştirak ediblər.

Əvvəlcə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini tədbir iştirakçılarını salamlayaraq, belə bir tədbirin keçirilməsində əməkdaşlığa görə Çili və Kolumbiyadan olan həmkarlarına minnətdarlığını bildirib. Səfir Sakit Okean Alyansının 2011-ci il aprelin 28-də Çili, Kolumbiya, Meksika və Peru tərəfindən regional inteqrasiya təşəbbüsü kimi yarandığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, 2022-ci il yanvarın 26-da Sinqapur da assosiativ üzv kimi Sakit Okean Alyansına qoşulub.

R.Labardini Latın Amerikası və xüsusən də alyans ölkələrinin Azərbaycanda fəaliyyəti və ispan dilinin təbliği üçün tədbirdə bu dilə yiyələnmiş hər kəsin iştirakının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Luis Koloma Qrimberq ispan dilində keçirilən görüşün iştirakçı ölkələrlə Azərbaycan ictimaiyyətinin daha da yaxınlaşdırılmasında əhəmiyyətini diqqətə çatdırıb.

Kolumbiyanın müvəqqəti işlər vəkili Maria Anxelika Steer Varela da Azərbaycanda ispan dilinə böyük marağın olduğunu qeyd edib. O, həmçinin 2013-cü ildən Azərbaycan rəsmiləri üçün ispan dilinin tədrisini təşkil etdiklərini bildirərək bu dilin ölkəmizdə yayılmasında Kolumbiyanın xüsusi rolunu vurğulayıb.

Tədbir Edvin Qamboanın moderatorluğu ilə Meksikadan David Toskana, Çilidən Karlos Frans və Kolumbiyadan Beatris Vaneqas Atiasın iştirakı ilə davam edib. Müzakirələrdə yazıçılar öz yaradıcılıqları və xalqlarının ədəbiyyatda təmsil olunması barədə söz açıblar.