Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 1-də ABŞ-a səfərə gedib.

Səfərin ilk günü Anar Kərimov Vaşinqtonda yerləşən ABŞ Konqresi Kitabxanasının Yaxın Şərq şöbəsinin rəhbəri Coan Viks ilə görüşüb. Nümayəndə heyəti kitabxana ilə tanış olub.

Sonra ABŞ Konqresi Kitabxanasının Afrika və Orta Şərq ölkələri bölməsinin rəhbəri Lanisa Kiçinerlə görüş keçirilib. Bölməyə ölkəmizin tarixi və mədəni irsindən bəhs edən nəfis tərtibatlı kitablar hədiyyə olunub.

Nümayəndə heyətinə kitabxanadakı Azərbaycan guşəsi barədə ətraflı məlumat verilib. Kitabxanada çalışan həmvətənimiz Müjgan Nəzərova kitab kolleksiyası və kataloqlarla bağlı təqdimatla çıxış edib. Burada ölkəmizlə bağlı gerçəkləşən araşdırmalar barədə də informasiya təqdim olunub.

Geniş və maraqlı təqdimatlar üçün kitabxananın rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirən nazir Anar Kərimov bundan sonra da sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

Görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.