Daşkənddəki “Türküstan” Sənət Sarayında Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağ” muğam qrupunun konserti olub. “Dostluq körpüsü” adlı konsert Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.

Konsertdən əvvəl “Qarabağ” muğam qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimov iştirakçıları salamlayıb, xalqlarımız arasında tarixi dostluq münasibətlərinin olduğunu vurğulayıb. O, otuz ilə yaxın işğal altında olan Qarabağın azad edildiyini, azad torpaqlarımızda quruculuq işlərinin aparıldığını vurğulayıb.

BMM direktorunun müavini Riyad Quliyev ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin genişləndiyini bildirib, həm Daşkəndə, həm də Bakıya tez-tez qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd edib.

Özbəkistan Milli Muğam Mərkəzinin baş direktoru, professor Saibjon Beqmatov Özbəkistanda Azərbaycan musiqisinə, xüsusilə muğamlara böyük rəğbət olduğunu deyib. Bildirib ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi Azərbaycan şairlərinin qəzəllərini Özbəkistanda çox sevirlər, muğam ustaları Füzulinin qəzəlləri üstə çoxlu muğamlar ifa edirlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov mədəni-humanitar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışıb.

Özbəkistanını Yunus Rəcəbi adına “Muğam” ansamblının bədii rəhbəri, Xalq artisti Abdulxoşim İsmayılov, Yunus Rəcəbi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutunun prorektoru Azimjon Zakirov xalqlarımızın ədəbiyyat, mədəniyyət və musiqisinin oxşar xüsusiyyətlərindən danışıblar.

Konsert proqramında Xalq artisti Mənsum İbrahimov Azərbaycan muğamlarını, xalq mahnılarını və təsniflərini ifa edib. Sonra Özbəkistanın tanınmış müğənnisi Yulduz Turdiyeva səhnəyə dəvət olunub. Onlar birlikdə bir neçə mahnı, o cümlədən “Qarabağ şikəstəsi”ni ifa ediblər. Mənsum İbrahimov və Yulduz Turdiyevanı tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Vüsal Bayramov müşayiət ediblər.

Konsertin sonunda azərbaycanlı ifaçılara özbək milli geyimi – çapan hədiyyə olunub.

***

Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov səfər zamanı Daşkənddəki Heydər Əliyev adına AMM-də olublar. Qonaqlar mərkəzin qarşısında ulu öndərin büstünü ziyarət ediblər.

Direktor Samir Abbasov 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı istifadəyə verilən AMM haqqında məlumat verib. “Qarabağ” muğam qrupunun üzvləri mərkəzdəki muzey guşələri ilə tanış olublar.