Mədəniyyət naziri Anar Kərimovun Birləşmiş Ştatlara səfəri çərçivəsində mayın 3-də Vaşinqtonda ABŞ-ın aparıcı beyin mərkəzlərinin nümayəndələri və elm xadimləri ilə görüşü keçirilib.

Görüşə Birləşmiş Ştatların Azərbaycanda diplomatik xidmət göstərmiş sabiq səfirləri də qatılıblar.

Anar Kərimov otuz ilə yaxın sürmüş erməni işğalı dövründə Azərbaycanın mədəniyyət ocaqlarına dəymiş ziyandan, dağıdılmış tarixi və dini abidələrdən bəhs edib.

Tarixi Zəfərimizdən sonra Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqda ətraflı məlumat verilib, statistik göstəricilər nəzərə çatdırılıb. Nazir ölkəmiz tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından da danışıb.

Fikir mübadiləsi və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edən görüşün iştirakçıları tərəfindən Qarabağın bərpası istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.