Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri gedişində bir sıra görüşlər keçirilib.

Mayın 3-də nazir Anar Kərimov Vaşinqtondakı Smitsonian İnstitutunun muzeylər və mədəniyyət katibinin müşaviri Kevin Qover və institutun nəzdindəki Folklor və Mədəni İrs Mərkəzinin direktoru vəzifəsini icra edən Riçard Kurinlə görüşüb.

Smitsonian İnstitutu (Smithsonian İnstitution) – ABŞ-da 20-dən çox muzey və qalereyanı birləşdirən elmi tədqiqat və tədris mərkəzidir. 1846-cı ildə ABŞ Konqresi tərəfindən təsis edilən Smitsonian İnstitutu muzeylər üzrə dövlət qurumu sayılır və hökumət, həmçinin özəl investorlar tərəfindən maliyyələşir. İnstitutun əhatə etdiyi muzeylərin əksəriyyəti Vaşinqtonda yerləşir.

Görüşdə ikitərəfli əlaqələrin qurulması, araşdırmalar və sərgilərin təşkili, eksponatların restavrasiyası mövzusunda söhbət aparılıb. Nazirə məlumat verilib ki, Smitsonian İnstitutu hər il bir-birindən zəngin folklor festivalları təşkil edir. Azərbaycanın növbəti festivallarda iştirak etməsi təklif olunub.

Həmçinin institutda müxtəlif sahələr üzrə təcrübə proqramlarının keçirilməsi və bu proqramlara ölkəmizdən mütəxəssislərin qatılması imkanlarından bəhs olunub.

Görüş zamanı daha sıx əməkdaşlığa zəmin yaradacaq anlaşma memorandumunun imzalanması ilə bağlı razılığa gəlinib.

Sonda nümayəndə heyəti tərəfindən Smitsonian İnstitutuna və institut adından Azərbaycan tərəfinə tarix və mədəni irslə bağlı kitablar hədiyyə edilib.

***

Mədəniyyət naziri ABŞ Arxiv İdarəsinin rəhbəri vəzifəsini icra edən Debra Voll ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən mövzular müzakirə olunub.  Həmçinin azərbaycanlı mütəxəssislərin yaxın gələcəkdə treninq proqramlarına qoşulması barədə razılıq əldə olunub. Mədəni irsin arxivləşdirilməsində, eləcə də arxiv sənədlərinin rəqəmsallaşdırılmasında Amerika təcrübəsindən faydalanmağın önəmindən bəhs olunub.

***

Anar Kərimovun rəsmi görüşlərinin daha biri ABŞ Dövlət Departamentində gerçəkləşib. ABŞ dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Li Satterfildlə görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Anar Kərimov ölkəmizin irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsü barədə danışıb. Həmçinin Azərbaycanda mədəni irsin qorunması ilə bağlı işlərdən söz açılıb. Görüş fikir mübadiləsi ilə davam edib.

***

Mədəniyyət naziri səfər zamanı Vaşinqton Tekstil Muzeyinə də baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor köməkçisi Anna Kiss nazirə Azərbaycan dövlətinin muzeyə hədiyyə etdiyi xalça və tekstil nümunələri haqda da məlumat verib. Həmçinin nazirlik tərəfindən muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.