C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu il əlamətdar yubileyləri qeyd olunan görkəmli şair və yazıçılarla bağlı silsilə materialları istifadəçilərə təqdim edib.

Bu il görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim, repressiya qurbanı Əhməd Cavadın (1892-1937) anadan olmasının 130 illik yubileyi qeyd olunur. Prezident İlham Əliyev 20 aprel 2022-ci il tarixində böyük şairin yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Kitabxananın əməkdaşları tərəfindən Əhməd Cavada həsr olunan virtual sərgi və videomaterial hazırlanıb. Virtual sərgidə şairin 130 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısının imzaladığı sərəncamın mətni, ədibin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer alıb. Burada həmçinin Ə.Cavadın əsərləri, haqqında yazılan kitablar, dünya klassiklərindən tərcümə etdiyi nümunələr haqqında məlumat verilir. Ə.Cavadın adını Azərbaycanın istiqlaliyyət tarixinə yazan Dövlət Himnimizin və eləcə də “Çırpınırdın, Qara dəniz” mahnısının (hər ikisinin bəstəkarı Üzeyir Hacıbəylidir) yazılma tarixi, müəllifin uzun illər təqiblərə, əsassız ittihamlara məruz qalması, özünün və ailə üzvlərinin repressiya olunması haqqında da faktlar diqqətə çatdırılır.

***

Kitabxana tərəfindən görkəmli yazıçı-dramaturq, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin (1872-1950) 150 illiyi münasibətilə də videoçarx və virtual sərgi ərsəyə gətirilib. Virtual sərgidə görkəmli yazıçının həyat və fəaliyyəti, Azərbaycan tarixi roman janrının əsasını qoyması, əsərləri, onun haqqında yazılan kitablar (Azərbaycan, ingilis və rus dillərində) və bu kitabların yerləşdirildiyi linklər verilib. Virtual sərgidə ümumilikdə 34 tammətnli kitab, sitat və şəkillər təqdim edilib.

Hər iki ədibə həsr olunan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrindən izləyə bilərsiniz.