Gəncə RMİ Gəncə şəhər MKS-nin oxu zalı və 16 saylı kitabxana filialı Gəncədəki Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Əhməd Cavadın (1892-1937) 130 illiyi ilə əlaqədar “Cümhuriyyət nəğməkarı Əhməd Cavad” mövzusunda ədəbi-bədii gecə keçirib.

Tədbirdə şairin nəvəsi Süleyman Axundzadə və onun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri, MKS-nin kollektivi, tələbə, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir sözləri ölməz şair tərəfindən qələmə alınmış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

MKS-nin direktor əvəzi Fəridə Qədimova istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığından danışıb.

Gəncə RMİ-nin rəisi Vasif Cənnətov bildirib ki, Əhməd Cavadın adı çəkilən kimi dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz səslənir. Milli oyanış, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopub.

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev “Əhməd Cavad yaradıcılığında vətənpərvərlik”, yazıçı Nüşabə Məmmədli “Əhməd Cavadın məşəqqətli həyatı və xeyriyyəçilik işləri”, şair Sahib İbrahimli “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü”, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov “Əhməd Cavad yaradıcılığında Gəncə ilə bağlı şeirlər” mövzularında çıxış ediblər.

Tələbələr və şəhər 32 nömrəli orta məktəbin şagirdləri şairin şeirlərindən ibarət kompozisiya təqdim ediblər. Gəncə Dövlət Filarmoniyasının solistləri Rövşən Quliyev və Zəminə Nuriyeva Əhməd Cavadın şeirlərinə bəstələnmiş mahnıları oxuyublar.