Mayın 5-də Malayziyanın Selanqor Əyaləti Kitabxanasının müdiri Maszlee Malik Azərbaycan Milli Kitabxanasında olub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa kitabxana haqqında məlumat verib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıqdan bəhs edən direktor Malayziya və Azərbaycan Milli Kitabxanaları arasında əlaqələrin olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2017-ci ildə Malayziya Milli Kitabxanasının direktoru V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında olub.

Maszlee Malik vurğulayıb ki, buraya gəlməzdən əvvəl Azərbaycan Milli Kitabxanası haqqında kiçik araşdırma edib. Bildirib ki, araşdırma nəticəsində Azərbaycan Milli Kitabxanasının dünyanın 60-a yaxın ölkəsi ilə beynəlxalq əlaqəsinin olduğunu öyrənib. Qonaq Malayziya və Azərbaycan milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzanlanması təklifini irəli sürüb.

K.Tahirov Milli Kitabxananın “Beynəlxalq əməkdaşlıq zalı” haqqında da məlumat verərək bildirib ki, imzalanacaq anlaşma memorandumundan sonra həmin guşədə Malayziya ədəbiyyatı da öz layiqli yerini tutacaq. Direktor qeyd edib ki, Milli Kitabxananın “Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi” şöbəsində Malayziyaya dair ədəbiyyat azdır, qarşılıqlı kitab mübadiləsi nəticəsində bu say arta bilər.

Qonaq kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələri ilə tanış olub.

Sonda qonağa ingilis dilində “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Salam Azerbaijan” kitabları hədiyyə edilib.