Mədəniyyət Nazirliyi tərəfindən region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmaq məqsədilə həyata keçirilən “Muzeyi peşəkardan öyrənək” layihəsi davam edir.

Layihə üzrə növbəti təlim-seminar Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şəki, Zaqatala, Oğuz, Balakən və Qax rayonlarda fəaliyyət göstərən ev, xatirə və tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün təşkil edilib. Seminar 27-29 aprel tarixlərində Şəki şəhərindəki Səməd Vurğun adına Folklor evində keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova tərəfindən aparılan təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanması barədə söhbət açılıb. “Azərbaycan incəsənəti dünya muzeylərində” mövzusunda təqdimat keçirilib, Qətər, ABŞ, Türkiyə, Rusiya, İran, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilib. Tədbirdə ümumilikdə 16 mədəniyyət müəssisəsindən 40-dək muzey əməkdaşı iştirak edib.

Layihənin digər regionlar mədəniyyət idarələri üzrə təşkili də nəzərdə tutulur.