Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzet və jurnalların elektron yayımı üçün “E-KÖŞK” adlı platforma hazırlanıb. Mayın 5-də MEDİA-nın yeni layihəsinin təqdimatı olub.

Çap mediası subyektləri rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar, həmçinin müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan “E-KÖŞK” portalı barədə məlumat verilib. Qeyd edilib ki, portal rəqəmsal çap mediası məhsullarının abunəsinin, satışının təşkilinə, çap mediasını hər kəs üçün daha əlçatan olmasına imkan yaradacaq.

Oxucular “E-KÖŞK”ün mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları asanlıqla əldə edə, həmçinin rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.

Çıxış edənlər platformanın ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində innovativ addım olduğunu qeyd ediblər.

Layihə ətrafında səsləndirilən təkliflər nəzərə alınmaqla, “E- KÖŞK”ün yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim edilməsi qərara alınıb.

Tədbirdə Medianın İnkişafı Agentliyi tərəfindən media subyektləri üçün hazırlanan “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı müzakirə də aparılıb. Bildirilib ki, təqdim edilən nümunəvi forma əsasında hər bir media subyekti özünə uyğun redaksiya siyasəti çərçivəsində peşə etikası qaydalarını təsdiq edə bilər. Bu qaydaların tətbiqi hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunmasına zəmin yaradacaq.