Mayın 7-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Musa Yaqubun (1937-2021) vəfatının birinci ildönümü tamam olur.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində doğulub. Ömrünün və yaradıcılıq həyatının bir hissəsi doğulduğu torpaqda keçib. Kənd məktəbində müəllim işləyib, rayon qəzetinin redaktoru olub. Bir müddət Yazıçılar Birliyində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib.

1995-2000-ci illərdə 1-ci çağırış Milli Məclisin deputatı olub. 2019-cu ildə Xalq şairi fəxri adına layiq görülüb.

Ömrünün son illərini Buynuz kəndində yaşayıb və orada dünyasını dəyişib. Vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, əzizlərinin yanında torpağa tapşırılıb.

“Ürəyimdə yerin qaldı”, “Ruhumla söhbət”, “Payızdan yaza yol varmı”, “Dövrün dəyirmanı” və s. kitabların müəllifidir.

Xalq şairinin vəfatının ildönümünü ərəfəsində qəbirüstü abidəsi ucaldılıb. Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.