Bu günlər Şuşa adına keçirilən tədbirlər xüsusilə əlamətdardır...

8 may – təqvimin bu günü tam 28 il bizim üçün qara haşiyədə olub, hər gəlişində ağırı-acımızı təzələyib, ruhumuzu incidib, Şuşa həsrəti qəlbimizdə qövr edib...

2020-ci ilin 8 noyabr Zəfəri 8 mayın üzərindən o qara haşiyəni də götürdü. 8 may xiffət və həsrətdən arınmış adi gün oldu. Təqvimin sıradan bir günü, 1992-ci ildən öncə olduğu kimi...

Artıq ikinci mayı biz Şuşa ilə, Şuşa da bizimlə yaşayır. Bu günlər həm qala-şəhərimizin, mədəniyyət paytaxtımızın özündə, eləcə də ondan uzaqda – ölkəmizin hər yerində Şuşa adına keçirilən tədbirlər, təqdimatlar xüsusilə əlamətdardır...

Bakı Milli Geyim Evi də “Şuşa İli”nə həsr olunan kolleksiyasını bu ərəfədə təqdim edib.

Daş Salnamələr Muzeyində təşkil olunan dəfilədə 30-dan çox geyim nümayiş olunub. Bakı Milli Geyim Evinin təsisçisi Könül Vəlibəyli illərdir Qarabağ geyimlərinin təqdim ediləcəyi günü səbirsizliklə gözlədiyini söyləyib: “Bu gözəl Qarabağ geyimləri uzun illərdir dünyanın müxtəlif ölkələrində sərgilənib. 30 il nisgilini çəkdiyimiz torpaqlar azad olunduqdan sonra kolleksiyanı genişləndirmək qərarına gəldim. Bu gün təqdim olunan geyimlərdə Qarabağın ayrı-ayrı bölgələrinin, xüsusilə azad Şuşamızın milli naxışları öz əksini tapıb...”.

“Qarabağ Azərbaycandır! Şuşa – ənənədən gələcəyə” adlı gecədə Qarabağın qadın və kişi milli geyimləri, xüsusi dizaynla hazırlanan ləbbadələr, araxçınlar tədbir iştirakçılarının diqqətini çəkib.