6-8 may tarixində Türkiyənin Antalya şəhərində Beynəlxalq Yörük Türkmən Festivalı keçirilib. Festival çərçivəsində TÜRKSOY tərəfindən “Türk dünyasının rəngləri” və “Türk dünyası əl işləri” adlı sərgilər də açılıb.

Türk dünyasının ənənəvi əl işlərinin  təbliğ olunduğu, türk xalqlarının mədəniyyət və incəsənətini sənətsevərlərə təqdim edildiyi sərgilərin açılışına TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı da qatılıb.

29 ölkənin təmsil olunduğu festival “Yörük köçü” – dəvə, çoban itləri, at və ulaqların da yer aldığı “kortej”in keçidi ilə başlayıb. “Yörük köçü” festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Türk cümhuriyyətlərində yaşadılan sənətkarlıq nümunələrinin fotoşəkillərindən ibarət “Türk dünyasının rəngləri” sərgisi də maraq doğurub. Ziyarətçilər ata-babalardan qalma əl işlərini yaxından görmək imkanı qazanıblar.

“Türk dünyası əl işləri” sərgisində Azərbaycandan Nahid Vahabov (taxta), Qırğızıstandan Gülsanə Atamkulova (tikmə, keçə, ənənəvi geyim), Özbəkistandan Mədinə Kasımbayeva (süzgəc, tikmə, etnik geyim), Dilmurod Xalikov  (süzgəc, tikmə), Qazaxıstandan Saule Bapanova və Rauşan Bapanova (keçə) əl sənətlərini nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan festivalda geniş heyətlə təmsil olunub. Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Nizami Cəfərov, Mədəniyyət Nazirliyinin sektor müdiri Elgün Əliyev, Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşı Ceyhun Xəlilov, ölkəmizin İstanbuldakı baş konsulluğundan Zaur Allahverdizadə festivalın açılış mərasiminə qatılıblar.

Bundan başqa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Səma” rəqs qrupu, Türkiyədə fəaliyyət göstərən “Antalya-Azərbaycan: mədəniyyət və həmrəylik”, “Gələcəyin insanları məkanı, gələcəyin imkanları məkanı”, “Azərbaycan deyincə” və digər dərnəklər ölkəmizi təmsil ediblər.

Azərbaycanla bağlı qurulan çadır və stendlərdə ölkəmizin tarixi, gözəl təbiəti və zəngin mətbəxini təbliğ edən, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ekspozisiya nümayiş etdirilib.

Mehparə Sultanova
Ankara