Mədəniyyət nazirinin BMT-də görüşləri

 

Mədəniyyət naziri Anar Kərimov Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdullah Şahidlə görüşüb.

Anar Kərimov mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədilə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü və onun əsasında formalaşan qlobal hərəkatdan bəhs edib. Vurğulayıb ki, Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüsü və bu qəbildən beynəlxalq layihələrə ev sahibliyi etməsinin əsas səbəbi tarixən ölkəmizdə fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların yaşaması və zəngin mədəni müxtəlifliyin təşəkkül tapmasıdır.

BMT Baş Assambleyasının sədrinə həmçinin Azərbaycanın təşəbbüskarı olduğu yeni qlobal çağırış – postmünaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək “Mədəniyyət naminə sülh” (Peace4Culture) layihəsinin fəaliyyət planı haqqında da məlumat verilib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

***

Anar Kərimov səfər zamanı Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə də görüşüb.

Nazir Azərbaycanda həyata keçirilən beynəlxalq layihələr barədə M.Əkrəmə məlumat verib. A.Kərimov iki dost ölkə arasında mədəni irsin qorunması və təbliğinə xidmət edəcək əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

M.Əkrəm bildirib ki, Pakistan Azərbaycanla dostluq əlaqələrinin daha da gücləndirilməsi üçün ölkəmizdə keçirilən mədəni layihələrə töhfə verməyə hazırdır. Pakistanın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Azərbaycan tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) təşəbbüsünü də dəstəklədiyini və bu layihənin beşillik fəaliyyət planında fəal rol oynayacağını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.