Mədəniyyət naziri Anar Kərimov Nyu-Yorkda Dünya Abidələr Fondunun (World Monuments Fund – WMF) direktoru Benedikt de Monlorla görüşüb.

Görüş zamanı nazir Azərbaycanın multikultural özəlliyindən, zəngin tarixindən bəhs edib. Həmçinin 2021-ci ildə ölkəmiz tərəfindən irəli sürülmüş “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün daşıdığı sülhpərvər missiya haqqında məlumat verilib. Anar Kərimov bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İCESCO və digər beynəlxalq təşkilatlar bu təşəbbüsə dəstəklərini ifadə ediblər. Nazir mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosla “Mədəniyyət naminə sülh” qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalandığını da diqqətə çatdırıb.

Qeyd olunub ki, mədəni irsin bərpası və yenidən qurulması fəaliyyət planının əsas məsələləri sırasında yer alıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qarşımızda duran başlıca vəzifə də bu istiqamətdə fəaliyyət olacaq. Nazir bu xüsusda Dünya  Abidələr Fondu ilə bir sıra proqram və layihələrdə əməkdaşlıq etmək təşəbbüsünü də irəli sürüb.

Benedikt de Monlor 1965-ci ildən fəaliyyət göstərən Dünya Abidələr Fondu haqqında məlumat verib. Bildirib ki, ötən müddətdə 800-dən çox layihə həyata keçirilib. Fondun önəmli fəaliyyət istiqamətlərindən biri İraq, Suriya kimi postmünaqişə dövründə olan ölkələrin ərazisində dağıdılıb məhv edilmiş mədəni abidələrin bərpasıdır.

Görüş zamanı Mədəni İrsin Qoruması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işləri haqqında ətraflı məlumat verib. Bu ərazilərdə qeydə alınan dağıdılmış abidələr barədə də statistikanın aparıldığı və həmin abidələrin qeydiyyata alındığı diqqətə çatdırılıb.