Prezident İlham Əliyev müharibədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

 

Mayın 9-da İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 77-ci ildönümü tamam olur.

Azərbaycan xalqı faşizm üzərində Qələbəyə böyük töhfələr verib. Azərbaycan 1941-1945-ci illərdə 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə mayın 9-da Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan Sovet Ordusu üçün yanacaq-sürtgü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsində əldə olunmuş böyük Zəfərin, erməni faşizmi üzərində qalibiyyətin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət Zəfər çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.